Aprelin 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada Bəşər Əsədə qarşı döyüşməkdə təqsirli bilinən Hüseyn Məmmədov və Nicat Abbasovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Lent.az saytının məlumatına görə, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Təqsirləndirilən şəxslər ittiham üzrə özlərini təqsirli bilməyib.
İttiham olunanlardan Hüseyn Məmmədov ifadə verib. O, ifadəsində Suriyada cəmi 2 gün qaldığını deyib.
“Mən ora tədris almaq üçün getmişdim. Özü də mənim olduğum ərazidə heç bir silahlı insident yaşanmayıb. Həmin ərazi Türkiyənin nəzarəti altında idi. Orada qaldığım müddətdə islama aid heç nə görmədim. Ümumiyyətlə, oradakıların dinə heç bir aidiyyəti yoxdur. Mən Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət etmişəm. Döyüşməyə qalsaydı, elə gedib Qarabağda döyüşərdim. Yenə deyirəm mən yalnız və yalnız tədris, elm üçün Suriyaya getmişəm. İbtidai istintaqa verdiyim ifadələrimi qəbul etməmişəm. Təsir altında olmuşam”.
Təqsirləndirilənlərdən Nicat Abbasov isə ifadə verməkdən imtina edib. O, susaraq prokurorun və hakimlərin suallarını cavabsız qoyub.
Məhkəmədə şahid qismində iştirak edən Bilal Əliyev mühakimə olunanlardan yalnız Hüseyn Məmmədovu tanıdığını deyib.
“Biz Hüseynlə Türkiyəyə gedərkən yol yoldaşı olmuşuq. Onun Suriyaya getməyindən xəbərim olmayıb. Yolda dinlə bağlı heç nə danışmadıq. O, musiqi dinləyirdi. İbtidai istintaqa verdiyim ifadəni təsdiqləyirəm”.
Məhkəmə prosesi aprelin 16-da davam edəcək.
Qeyd edək ki, hər iki şəxs Milli Təhlükəsizlik Nazirliyi tərəfindən saxlanılıb.
İttihama görə, Hüseyn Məmmədov Nicat Abbasov və qeyriləri ilə qabaqcadan əlbir olaraq bir qrup şəxslərlə dini düşmənçilik zəminində qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələrin tərkibində iştirak ediblər.Hüseyn Məmmədov 2013-cü ilin sentyabr ayında Gürcüstana, ordan Türkiyənin Qaziantep şəhərinə qanuni yolla gedib. Həmin şəhərdən qanunsuz olaraq Suriya Ərəb Respublikasının ərazisinə keçib. O, “An Nusra Cəhbəsi” nin tərkibində daxil olmaqla fəaliyyət göstərən “Jundullah Şam Dəvəti İbrahim” adlı silahlı birləşməyə qoşulub. Orada silahlı təlimlərdə iştirak edib. Bundan sonra “Əl Qadiə” silahlıları tərəfindən əsir düşüb. 5-6 gün əsrlikdən sonra Türkiyəyə təhvil verilib. Burada Nicat Abbasovla rastlaşıb. Onlar Azərbaycana qayıdarkən Gürcüstan sərhədində MTN-nin əməkdaşları tərəfindən saxlanılaraq həbs olunub.
Nicat Abbasov isə Suriyanın Sarmada şəhərində məskunlaşıb və "Cəbhətul Nusra" qruplaşmasının tərkibində fəaliyyət göstərilib. Orada silahlı təlimlərdə iştirak etmiş və “Kalaşnikov” markalı avtomatdan istifadə etməyi öyrənib.