Noyabrın 16-da Azərbaycan Ali Məhkəməsi "Nardaran işi-3" adlandırılan iş üzrə mühakimə olunanların kassasiya şikayətini təmin etməyib.
İlahiyyatçı Zülfüqar Mikayılov daxil olmaqla, bu iş üzrə keçənlər 2015-ci ilin noyabrında Nardaranda keçirilmiş xüsusi əməliyyatdan sonra saxlanılıb və ağır cinayətlərin törədilməsində ittiham olunaraq 12 ildən 17 ilədək azadlıqdan məhrum edilib.
Təqsirləndirilən şəxslərin özləri prosesdə iştirak etməyib. Onları vəkillər Akif Əliyev, Zibeydə Sadıqova və Şəhla Hümbətova təmsil edib.
Müdafiə tərəfi irəli sürülmüş terrora çağırış, qanunsuz silah saxlama, dövlət çevrilişinə cəhd kimi ittihamların əsassız olduğunu bildirib. Vəkillər deyib ki, bütün ifadələr ağır işgəncələr altında alınıb. İstintaq orqanı işgəncə altında imzalanmış və əslində sübut qüvvəsi olmayan həmin yalan ifadələr əsasında ittiham verib.
Bakı Ağır Cinayətlər Məhkəməsi heç bir araşdırma aparmadan, müdafiə tərəfinin vəsatətlərini təmin etmədən, sübutlarına əhəmiyyət vermədən ittihamı təsdiqləyib, sanki ittiham aktı hökmə köçürülüb.
Öz növbəsində prokuror şikayətlərin təmin olunmasının əleyhinə olub.
Hakim Tahir Kazımovun sədrliyi ilə məhkəmə heyəti qısa məşvərətdən sonra şikayəti təmin etməyib. Vəkillər Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət hazırlamaq niyyətindədir.
Bu iş üzrə ittiham olunanlar 2015-ci il noyabrın 26-da Nardaran qəsəbəsində keçirilmiş xüsusi əməliyyatdan sonra saxlanılıb. Əməliyyat zamanı polis "Müsəlman Birliyi" Hərəkatının lideri Taleh Bağırzadə və onun tərəfdaşlarından ibarət qrupu saxlayıb.
Həbs olunanlar Taleh Bağırzadənin təşkil etdiyi cinayətkar birlikdə iştirakda şübhəli biliniblər. Onlara qarşı Cinayət Məcəlləsinin onlarla maddəsi ilə ittiham irəli sürülüb: terrorizm, qanunsuz silah saxlama, konstitusiya quruluşunun zorla dəyişdirilməsinə cəhd, polisə müqavimət göstərmək və s.
Müttəhimlər özlərini müqəssir saymayıblar və məhkəmədə DİN Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində məruz qaldıqları işgəncələrdən danışıblar.
2017-ci il dekabrın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsi Zülfüqar Mikayılovu 17 il, Ruzi İsmayılov və Cabir Əliyevin hər birini 16 il, Ramil Seyfullayev və Mübariz İbrahimovun hər birini 15 il, Elxan Həsənovu 14 il, Elman Ağayev, Mehman Quliyev, Faiq Allahverdiyevi 13 il, Mehman Məmmədov, Eldar Bünyadov, Əli Hüseynovu 12 il 3 ay azadlıqdan məhrum edib.