Avropa Məhkəməsi ilahiyyatçı Sərdar Babayevin şikayəti üzrə kommunikasiyaya başlayıb

Avropa İnsan Hüquqları Məhkəməsi ilahiyyatçı Sərdar Babayevin işi üzrə kommunikasiyaya başlayıb.

Vəkil Cavad Cavadov Amerikanın Səsinə bildirib ki, məhkəmə Avropa İnsan Hüquqları Konvensiyasının 3 (işgəncələrin qadağan edilməsi), 5.1, 5.3, 5.4 (azadlıq və toxunulmazlıq hüququ), 6.2 (təqsirsizlik prezumpiyası), 9 (fikir, vicdan və din azadlığı), 10 (fikri ifadə etmək azadlığı), 11 (yığıncaqlar və birləşmək azadlığı), 14 (ayrı-seçkiliyin qadağan olunması) maddələrinin pozulması ilə bağlı Azərbaycan hökümətinə suallar ünvanlayıb.

Sərdar Babayev 2017-ci il fevralın 22-də Masallı rayonunda saxlanılıb. O, Cinayət Məcəlləsinin 168.1 (dini ayinlər adı altında insanların hüquqlarına qəsd etmək) maddəsi ilə ittiham edilib.

Masallı Rayon Məhkəməsi hakim Anar Alməmmədovun sədrliyi ilə ilahiyyatçını 3 il azadlıqdan məhrum edib.

Həmin hökmdən verilmiş şikayəti Şirvan Apellyasiya Məhkəməsi təmin etməyib.

2018-ci il fevralın 13-də Azərbaycan Ali Məhkəməsi hakim Gülzar Rzayevanın sədrliyi ilə ilahiyyatçı Sərdar Babayevin kassasiya şikayətini təmin etməyib.

Yerli rəsmilər bildiriblər ki, S.Babayev xaricdə dini təhsil alıb, Azərbaycanın mövcud qanunları onun dini mərasimləri idarə etməsinə imkan vermir.

Müdafiə tərəfi isə bildirib ki, Sərdar Babayev qanunvericiliyə həmin məhdudlaşdırıcı maddə əlavə edilməzdən öncə xaricdə dini təhsil alıb. Eyni zamanda, Qafqaz Müsəlmanları İdarəsində vəzifə tutan bir çox şəxslər də xaricidə dini təhsil alıb. Üstəlik həmin məhdudlaşdırıcı maddə 2017-ci ilin mayında yumşaldılıb. Artıq xaricidə dini təhsil alanlar da Qafqaz Müsəlmanları İdarəsinin razılığından sonra ölkədə dini mərasimlər apara bilər.