AXCP fəallarının apellyasiya şikayətləri təmin edilməyib

Vəkil Əsabəli Mustafayev məhkəmə zalında

Martın 16-da Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) altı fəalı barəsində 15 sutkadan 20 sutkaya qədər inzibati həbslə bağlı şikayətləri təmin etməyib. Fəallar martın 10-da Bakıda müxalifətin mitinqi ərəfəsində saxlanılıb.

Partiyanın Rəyasət Heyətinin üzvləri Aqil Məhərrəmli, Xətai rayon şöbəsinin üzvü Tahir Ağayev, Binəqədi rayon şöbəsinin sədr müavini Yalçın Abdullayev və həmin şöbənin fəalı Hikmət Əliyev 15 sutka həbs edilib.

Xətai rayon şöbəsinin sədr müavini Faiq Nağıyev və Binəqədi rayon şöbəsinin fəalı Bəşir Tarıverdiyev 20 sutka həbsə məhkum edilib.

“Həbs olunanların hamısı polisin qanuni tələbinə tabe olmamaqda təqsirli bilinib. Reallıq budur ki, onların özləri çağırış əsasında polisə gediblər, ancaq rəsmi çağırış vərəqəsi olmayıb. Fəallar polisə ilk dəfə martın 4-də və 5-də çağırılıblar. Sonra martın 6-da və 7-də yenidən çağırılıblar və məhkəmə qərarları ilə həbs ediliblər. Odur ki, polisə tabe olmamaqdan söhbət gedə bilməz”, vəkil Əsabəli Mustafayev bildirib.

Apellyasiya Məhkəməsi polis şöbəsində müşahidə kamerasındakı qeydlərə baxılması ilə bağlı müdafiə tərəfinin vəsatətini təmin etməyib.

Vəkil Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət verəcəyini bildirib.