Martın 1-də Azərbaycan Ali Məhkəməsi hakim Şahin Yusifovun sədrliyi ilə "Müsəlman Birliyi” Hərəkatının həbsdə olan sədri Taleh Bağırzadə, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Qəhrəmanlı və digər 9 nəfərin məhkəmə qərarından verilən kassasiya şikayətini təmin etməyib.
Məhkəmədə həbsdə olan məhkumlardan yalnız ikisi - Abbas Hüseynov və Abbas Quliyev iştirak edib. Digər məhkumlar, o cümlədən Taleh Bağırzadə və Fuad Qəhrəmanlı məhkəmədə iştirak üçün müraciət etməyib.
Vəkil Nemət Kərimli Amerikanın Səsinə müsahibəsində bildirib ki, hakim qərarın nəticə hissəsini elan edib.
“Bu səbəbdən məhkəmənin qərarını necə əsaslandırdığı bizə məlum olmadı”, o qeyd edib.
Your browser doesn’t support HTML5
Onun sözlərinə görə, məhkəmədə iştirak edən Abbas Hüseynov çıxışında Nardaran hadisələri ilə bağlı həbslərin siyasi sifariş olduğunu bildirib.
Kərimli deyib ki, müdafiə tərəfi çıxışında iki arqument üzərində dayanıb.
“Biz sübutların yolverilməz olduğunu və həbs edilən şəxslərin əməlində cinayət tərkibinin olmadığını məhkəmənin diqqətinə çatdırdıq”.
Ali Məhkəmənin qərarından Avropa Məhkəməsinə şikayət ediləcək.
2015-ci il noyabrın 26-da polis Nardaranda xüsusi əməliyyat keçirib, nəticədə Taleh Bağırzadə və onun tərəfdaşlarından ibarət qrup həbs edilib. Bir neçə gün ərzində ümumilikdə 70-dən çox insan həbs edilib, sonradan onlar bir neçə qrup halında müxtəlif müddətli azadlıqdan məhrumetmə cəzalarına məhkum edilib.