Rəşid Hacılı: İnsan Hüquqları Konvensiyası Azərbaycanda birbaşa tətbiq olunmalıdır [Video-müsahibə]

Your browser doesn’t support HTML5

Rəşid Hacılı: Ümumiyyətlə İnsan Hüquqları Konvensiyası birbaşa Azərbaycanda tətbiq olunmalıdır

"Media Hüquqları" İnstitutunun direktopru Amerikanın Səsinə müsahibəsində Azərbaycandan Avropa Məhkəməsinə şikayətlərdən danışıb

"Media Hüquqları" İnstitutunun direktopru Rəşid Hacılı Amerikanın Səsinə müsahibəsində Azərbaycandan Avropa Məhkəməsinə şikayətlər və bu məhkəmənin qərarlarının tətbiqindən danışıb.

Amerikanın Səsi: Avropa Məhkəməsində Azərbaycandan göndərilən şikayətlərin spektri necədir?

Azərbaycanda son illərdə mülkiyyət hüququnun, azadlığın məhdudlaşdırılması hüququnun, toplaşma azadlığının, ifadə azadlığının, hərəkət azadlığının pozulması, seçkilər və işgəncə ilə bağlı işlər var.

Rəşid Hacılı: Əslinə qalsa bütün pozuntularla bağlı işlər var. Amma, daha çox Azərbaycanda son illərdə mülkiyyət hüququnun, azadlığın məhdudlaşdırılması hüququnun, toplaşma azadlığının, ifadə azadlığının, hərəkət azadlığının pozulması, seçkilər və işgəncə ilə bağlı işlər var. Bəzən olur ki, yaşamaq hüququ ilə bağlı, 13-cü maddə (Avropa İnsan Hüquqları Konvensiyası –səmərəli hüquqi müdafiə və vasitələri -red) demək olar ki, əksər işlərdə var. Ona görə ki, Azərbaycanda əksər hallarda ölkədaxili müdafiə vasitələri ilə bağlı problemlər var. Bax belə, spektr çox genişdir. Hətta Azərbaycandan olan şikayətlərdə 18-ci maddənin (Avropa İnsan Hüquqları Konvensiyası-Hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri-red) pozulduğu qeyd edilir. Bu maddə çox az tətbiq olunur.

Amerikanın Səsi: Avropa Məhkəməsinin Azərbaycandan olan şikayətlərlə bağlı qərarlarının Azərbaycan tərəfindən icrasını necə qiymətlədnirirsiniz?

Çox təəssüf ki, hökumət yenidən işlərə baxmır, pozuntuları aradan qaldırmaq üçün addımlar atmır.

Rəşid Hacılı: Əslində əksər hüquqşünaslar bu fikirdədilər ki, Azərbaycanda hökumət daha çox kompensasiyaların ödənilməsi ilə bağlı öz işini bitmiş hesab edir və ümumi xarakterli tədbirlər görmürlər. O cümlədən də pozuntuların aradan qaldırılması ilə bağlı tədbirlər görmürlər. Ən azı mənim apardığım işlərin demək olar ki, hamısında götürək, - jurnalist Aqil Xəlilin işində hökumət hətta özü, birbaşa məhkəməyə yazıb barışıq istəmişdi. Hətta təklif etmişdi ki, bütün pozuntuları aradan qaldıracaq. Bunu öhdəsinə götürməsinə və neçə il keçməsinə baxmayaraq pulun ödənilməsindən başqa ayrı bir iş görməyib. Nə bir məhkəmə qərarına baxmadı, nə bu işi görənlər cəzalandırılmadı , yeni bir araşdırma aparmadı. Eləcə də bütün başqa işlərdə. Çox təəssüf ki, hökumət yenidən işlərə baxmır, pozuntuları aradan qaldırmaq üçün addımlar atmır və eləcə də ümumi xarakterli, yəni vəziyyəti yaxşılaşdırmağa doğru həm məhkəmə təcrübəsinin yaxşılaşdırılması, həm də qanunvericilyin yaxşlaşdırılması ilə bağlı demək olar ki, tədbirlər görülmür.

Amerikanın Səsi : Avropa Məhkəməsinin qərarları ölkədə
məhkəmə islahatlarına təkan verə bilirmi? Yerli məhkəmələr bu qərarları presedent kimi qəbul edirmi?

Xüsusilə də siyasi xarakterli işlərdə çox ciddi pozuntular.

Rəşid Hacılı: Əslində bizim Avropa Şurasına üzv olmağımız, həm məhkəmənin yurisdiksiayası altında olmağımız o deməkdir ki, məhkəmənin qərarları ümumiyyətlə İnsan Hüquqları Konvensiyası Azərbaycanda birbaşa tətbiq olunmalıdır. Həm də məhkəmənin qərarları və məhkəmənin presedent hüququ birbaşa Azərbaycan məhkəmələrində tətbiq olunmalıdır. Yəni bu faktiki olaraq Azərbaycan qanunvericiliyinin tərkib hissəsidir. Təbii ki, bəzi işlər var ki, o işlərdə biz Avropa məhkəməsinin qərarlarına istinadları görə bilirik. Bir çox işlər var, o cümlədən Ali Məhkəmənin qərarlarında, həm aşağı məhkəmələrin, hətta Konstitusiya Məhkəməsinin qərarlarında biz görə bilirik. Amma bunlar çox fraqmentaldır, yəni sistemli deyil. Yalnız bəzi hallarda belə olur, böyük əhəmiyyət daşıyan hallar deməzdim bunlara. Xüsusilə də siyasi xarakterli işlərdə və çox ciddi pozuntuların olduğu, məsələn işgəncələrlə bağlı işlərdə biz bunları təəssüf ki, görə bilmirik. Demək istəyirəm ki, bu sistemli xarakter daşımır. Bizim qanunvericilik sahəsində bunlar özünü aydın şəkildə göstərmir. Məhkəmə praktikasında isə davamlı olaraq eyni pozuntular, hətta Avropa məhkəməsinin qərarlarından sonra da pozulmaqda davam edir. Bu onu göstərir ki, çox ciddi nəticə çıxarılmır.

Amerikanın Səsi: Avropa Məhkəməsinin qərarlarının ölkədə daha effektiv olması üçün hansı işlər görülməlidir?

Rəşid Hacılı: Mən düşünürəm ki, təbii ki görülməli olan işlər və addımlar hansı üsullardan istifadə olunmalıdır, bəllidir. İndiyə qədər də, həm Avropa Şurasının müvafiq qurumları, həm elə məhkəmə ilə işləyən presendetlerin tətbiqiilə bağlı işləyən digər qurumlar bu və ya digər şəkildə işlər görüblər, proqramlar, layihələr həyata keçiriblər. Birinci növbədə hakimlərin bu qanunvericiliyi öyrənməsi, eləcə də aid olan dərəcədə istintaqçıların, müstəntiqlərin, prokuror işçilərinin, eləcə də həbs yerlərinə nəzarət eləyən qurumların bunu öyrənilməsi vacibdir. Əgər motivasiya yoxdursa hakim, eləcə də istintaqçı bu qaydaların pozulmasının hansı nəticə yaranacağını görə bilmirsə bunu ciddi şəkildə tətbiq edə bilməz. Hesab edirəm ki, həm aşağı məhkəmə, həm apellyasiya, həm də ali məhkəmə səviyyəsində bu presedentlərin, bu standartların ciddi şəkildə öyrənilməsi və tətbiq edilməsi olmasa pozuntular elə həmişəki kimi davam edəcək və kağız üzərində qalacaq.