Qiyas İbrahimov və atasına hökm oxunub

Qiyas İbrahim

Ata 1 1/2 il islah işlərinə, oğul isə 3 ay əlavə həbsə məhkum edilib

Keçmiş prezident Heydər Əliyevin heykəlinə siyasi şüar yazdıqdan sonra narkotik ittihamı ilə 10 il həbsə məhkum edilən NİDA Vətəndaş Hərəkatının fəalı Qiyas İbrahimov və onun atası Həsən İbrahimova dekabrın 18-də Yasamal Rayon Məhkəməsində hakim Hüseyn Səfərovun sədrliyi ilə hökm oxunub.

Your browser doesn’t support HTML5

Vəkil Elçin Sadıqovun Amerikanın Səsinə müsahibəsi

Vəkil Elçin Sadıqov Amerikanın Səsinə müsahibəsində bildirib ki, hökmə əsasən, Həsən İbrahimov aylıq qazancından 20 faiz tutulmaqla 1 il 6 ay islah işlərinə məhkum edilib.

“Qiyas İbrahimov isə 6 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Bu cəza onun əvvəlki 10 il həbs cəzası ilə qismən birləşdirilərək ümumilikdə 10 il 3 ay həbs cəzasına məhkum edilib”.

Ata və oğul İbrahimovlar Cinayət Məcəlləsinin 289.2-ci (hakimə hörmətsizlik) maddəsi ilə ittiham olunub.

Vəkil hökmü qanunsuz və əsassız adlandırıb. Hökmdən apellyasiya şikayəti veriləcək.

Qiyas İbrahimov barədə karikatura

Cinayət işi bu il iyunun 5-də Bakı Apellyasiya Məkəməsində baş vermiş insidentlə əlaqədar açılıb. Qiyas İbrahimov dövlət ittihamçısının çıxışı zamanı şüşə qəfəsdəki mikrofonu çıxarıb (Qiyas İbrahimov və Bayram Məmmədov Heydər Əliyevin abidəsinə “Qul bayramınız mübarək!” şüarı yazdıqdan sonra qanunsuz narkotik dövriyyəsi ittihamı ilə 10 il müddətinə azadlıqdan məhrum edilib). Bu, hakimin Qiyasın heç nə eşitmədiyi haqqında çağırışlarına məhəl qoymamasından sonra baş verib.

Amnesty International təşkilatı Qiyas İbrahimov və Bayram Məmmədovu vicdan məhbusu elan edib.

Məhkəmə nəzarətçiləri qəfəsə daxil olublar və İbrahimovu qandallayaraq qüvvə tətbiq ediblər. Fəalın qəzəblənən atası etirazını bildirib, hakimi zorakılığa son qoymağa çağırıb. "Gün gələcək, sizin də övladlarınızın başına belə bir iş gələcək" deyə o qışqırıb.

Bakı Apellyasiya Məhkəməsinin hakimləri Vüqar Məmmədov, Əflatun Qasımov və Əmir Bayramov bunu özlərinə qarşı hörmətsizlik kimi qiymətləndiriblər.

“Amnesty International” təşkilatı Qiyas İbrahimov və Bayram Məmmədovu vicdan məhbusu elan edib. Təşkilat hesab edir ki, gənclərə qarşı narkotik ittihamı saxtalaşdırılıb. Amma hakimiyyət təmsilçiləri onların siyasi məhbus olmasını qəbul etmir, konkret cinayətlərə görə cəzalandırıldığını bildirir.