Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) mətbuat üçün açıqlamasında deyilir ki, qurum Azərbaycanın müxalifət siyasətçisi İlqar Məmmədov barədə AİHM-in 2014-cü il hökmünü icra etməməsi ilə əlaqədar rəsmi Bakıya qarşı xüsusi prosedura başlayıb.
Bu prosedurdan məqsəd Azərbaycanın hazırda həbsxanada olan İlqar Məmmədov barədə AİHM-in hökmünün icrasından imtina edib-etmədiyinin bir daha müəyyənləşdirilməsidir.
Bu da qeyd olunur ki, Avropa İnsan Haqları Konvensiyasına 2010-cu ildə daxil edilmiş bu prosedur Avropa Şurası Nazirlər Kabinetinə üzv ölkənin məhkəmə qərarını yerinə yetirməməsi barədə AİHM-ə müraciət səlahiyyəti verir.
Nazirlər Komitəsi Azərbaycan hakimiyyətinin Məmmədovun qeyd-şərtsiz azadlığa buraxılmasına dair AİHM hökmünü icra etməkdən inadkarlıqla imtina etməsi ilə bağlı dekabrın 5-də Azərbaycana qarşı xüsusi prosedura başlamaq qərarına gəlib. AİHM Komitənin bu barədə müraciətini dekabrın 11-də aldığını bildirir.
Bu prosedur AİHM-in Böyük Palatası tərəfindən keçirilir.
Mətbuat məlumatında xatırladılır ki, 1970-ci ildə anadan olmuş Məmmədov 2013-cü ildə İsmayıllı şəhərində baş vermiş etirazların ardınca həbs edilib. O 2014-cü ildə kütləvi iğtişaş və dövlət nümayəndələrinə qarşı zorakılıq ittihamı ilə 7 illik həbsxana cəzasına məhkum edilib.
AİHM 2014-cü ildə bu qərara gəlib ki, cənab Məmmədov, cinayət törətməsinə dair heç bir ağlabatan sübut olmadan həbs edilib və onun həbsindən əsas məqsəd hökuməti tənqid edən Məmmədovun cəzalandırılması və ya susdurulması olub.
AİHM-in gəldiyi nəticəyə görə, Azərbaycan bu həbslə Avropa Konvensiyasının 5-ci maddəsinin 1 və 4-cü bəndlərini (azadlıq və təhlükəsizlik hüququ), 6-cımaddəsinin 2-ci bəndini (təqsirsizlik prezumpsiyası hüququ) və 18-ci maddəsini (hüquqların məhdudlaşdırılması) pozub.
Bununla əlaqədar Nazirlər Kabineti Konvensiyanın 46-cı maddəsinin 4-cü bəndinə (hökmlərin icrasının icbariliyi) uyğun olaraq Azərbaycana qarşı xüsusi prosedura başlayıb.
Konvensiyanın bu maddəsi Komitəyə Azərbaycanın məhkəmə hökmünü yerinə yetirməməsi ilə əlaqədar AİHM-ə müraciə etmək səlahiyyəti verir.
Bu halda Nazirlər Komitəsi əvvəlcə sözü gedən ölkəyə xəbərdarlıq bildirişi təqdim etməlidir. Bu bildiriş artıq oktyabr ayında verilib. Bundan sonra Nazirlər Komitəsi üzvlərin üçdə ikisinin razılığı ilə AİHM-ə müraciət edir.
AİHM bu məsələyə Böyük Palata qismində baxacaq. Nazirlər Komitəsinə və cavabdeh ölkəyə bu işlə əlaqədar şərhlərini bildirmək üçün Böyük Palatanın sədri tərəfindən vaxt təyin ediləcək.
Böyük Palata bu iş üzrə ayrıca dinləmənin keçirilməsi barədə də qərar qəbul edə bilər.
Böyük Palata Azərbaycanı AİHM-in hökmünü yerinə yetirməkdıən imtina etməkdə təqsirli bilərsə, bundan sonra məsələ növbəti tədbirlərin görülməsi üçün təkrar Nazirlər Kabinetinə göndərilir.