Dekabrın 6-da Ali Məhkəmə hakim Əli Seyfəliyevin sədrliyi ilə qeydiyyatı olmayan İslam Partiyasının lideri Mövsüm Səmədovun Qobustan qapalı həbsxnasına köçürülməsi ilə bağlı kassasiya şikayətini təmin etməyib. Bu barədə Amerikanın Səsinə müsahibəsində vəkil Cavad Cavadov bildirib.
Your browser doesn’t support HTML5
Vəkilin sözlərinə görə, Səmədov məhkəmədə işrirak barədə müraciət etsə də hakim onun iştirakını təmin etməyib.
“Hakim bildirdi ki, Mövsüm Səmədov məhkəmədə iştiraklının səbəbini izah etməyib. Amma bütün hallarda Səmədovun məhkəmədə iştirakı təmin edilməli idi”, o qeyd edib.
Mövsüm Səmədov 2011-ci ildə hakimiyyətin zorla ələ keçirilməsinə və dövlət quruluşunun dəyişdirilməsinə cəhd ittihamı ilə 12 il azadlıqdan məhrum edilib.
Səmədov 2 il Qobustan qapalı həbsxanasında saxlanıldıqdan sonra 2016-cı il noyabrın 26-da 12 saylı Cəzaçəkmə Müəssisəsinə qaytarılıb. Koloniyaya qaytarıldıqdan sonra keçən 7 ay ərzində Səmədov ümumilikdə 4 ay cərimə kamerası (karser), təcridxana və kamera tipli yerdə saxlanılıb.
2017-ci ilin may ayında Qaradağ Rayon Məhkəməsi M.Səmədovun 12 saylı koloniyadan yenidən 3 il müdddətinə Qobustan qapalı həbsxanasına köçürülməsi barədə qərar qəbul edib.
Ədliyyə Nazirliyində qeydiyyatı olmayan İslam Partiyasının lideri məhkəmənin saxlanılma şəraitinin dəyişdirilməsi barədə qərarını qərəzli və siyasi motivli adlandırıb.
İyulun 17-də Bakı Apellyasiya Məhkəməsi Səmədovun Qobustan qapalı həbsxnasına köçürülməsi ilə bağlı Qaradağ rayon Məhkəməsinin qərarından verdiyi şikayəti təmin etməyib.
Vəkil İslam Partiyasının liderinin qapalı həbsxanaya köçürülməsini cəza verilmiş insanın təkrar cəzalandırılması kimi qiymətləndirib.
“Mövsüm Səmədov onsuz da uzun müddətə, 12 il müddətəinə həbsə məhkum edilib. Onun cəzaçəkmə müəssisəsindən təkrarən həbsxanaya köçürülməsini cəza verilmiş insanın təkararən cəzalandırılması kimi qiymətləndirirəm”, o qeyd edib.
Cavad Cavadov Ali Məhkəmənin qərarından Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət veriləcəyini bildirib.
O, təəssüflə Avropa İnsan Hüquqları Məhkəməsinin Mövsüm Səmədovun həbsi ilə bağlı indiyədək qərarını elan etmədiyini bildirib.
“Mövsüm Səmədovla bağlı kommunikasiyanın bir neçə il qabaq başa çatmasına baxmayaraq, Avropa İnsan Hüquqları Məhkəməsi hələ də qərarını elan etməyib”, vəkil qeyd edib.