Məhkəmə Turan Agentliyinin Vergilər Nazirliyinə qarşı iddiasına baxır [Video]

Your browser doesn’t support HTML5

Turan İnformasiya Agentliyinin növbəti məhkəmə prosesi

Agentlik Vergilər Nazirliyinin səyyar vergi yoxlamlarının barədə qərarının qanunsuz hesab edilməsini istəyir

Oktyabrın 11-də 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində hakim Müseyib Bayramovun sədrliyi ilə Turan agentliyinin Vergilər Nazirliyinin Bakı şəhər Lokal Gəlirlər Departamentinə və Vergi Cinayətlərinin İlkin Araşdırılması Departamentinə qarşı iddiaları üzrə dinləmələr keçirilib.

Vergilər Nazirliyinin Lokal Vergilər Departamenti bu ilin mayında Turan agentliyinə qarşı 2016-cı il üçün 5 min manat ölçüsündə cəza təyin edib. Amma Turan-ın inzibati şikayətindən sonra Vergilər Nazirliyinin yuxarı instansiyası araşdırma aparıb vəiyunun 30-da bu qərarı ləğv edib. Sonradan, avqustun 7-də elə həmin departament 2016-cı il üçün bu dəfə 9 min manat, 2014-2016-cı illər üçün isə 37 min manat vergi hesablayıb. Agentliyə qarşı cinayət işi açılıb.

Avqustun 25-də agentliyin direktoru Mehman Əliyev həbs edilib. Amma sentyabrın 11-də o, Bakı şəhərindən çıxmamaq haqqında iltizam alınaraq azad edilib.

Agentlik iddiasında 7 avqust tarixli 2014-2016-cı illər üçün əlavə vergi borcunun hesablanması haqqında qərarın ləğvini, habelə agentlikdə növbədənkənar səyyar vergi yoxlaması haqqında qərarın qanunsuz və etibarsız hesab olunmasını xahiş edir.

1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsi

Amma agentliyin iddianı verdiyi tarixdən təxminən bir ay sonra, sentyabrın 11-də Lokal Vergilər Departamenti 7 avqust tarixli vergi hesablanması haqqında qərarlarını ləğv edib, amma həmin departament sentyabrın 15-də yenidən agentliyə qarşı eyni ölçüdə eyni vergi borcu hesablanması barədə qərar qəbul edib.

Bu departamentin nümayəndələri bu gün keçirilən məhkəmə iclasında 7 avqust tarixli qərarların sentyabrın 11-də ləğvi ilə əlaqədar işə xitam verilməsi barədə vəsatət qaldırıb, buna cavab olaraq agentlik 7 avqust qərarların faktiki olaraq ləğv edilmədiyini, eyni məbləğin 7 avqust tarixli qərardan 15 sentyabr tarixli qərara köçürüldüyünü qeyd edib.

Vəkil Fuad Ağayev

Vergi Cinayətlərinin İbtidari Araşdırması Departamentinin nümayəndəsi dəməhkəmədə növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarın etibarsız hesab olunması haqqında iddianın yolverilməz olduğu barədə vəsatət qaldırıb. O, öz tələbini bu cür yoxlamalar haqqında qərarların inzibati akt olmaması və onlardan şikayət verilə bilməməsi ilə əsaslandırmağa çalışıb.

Amma Turan-ın nümayəndəsi Fuad Ağayev buna etiraz edərək bildirib ki, səyyar vergi yoxlamasının təyin edilməsi haqqında qərarın özündə 30 gün ərzində məhkəməyə şikayət vermək hüququ nəzərdə tutulur.

Fuad Ağayev həmçinin Vergilər Nazirliyinin 7 sentyabr 2016-cı il tarixində təsdiq edilmiş və 23 sentyabr 2016-cı il tarixində Dövlət Normativ Aktlar Reyestrinə daxil edilmiş Səyyar Vergi Yoxlamalarının Həyata Keçirilməsi Qaydalarına istinad edərək, bu qaydaların 2 saylı əlavəsini, daha dəqiq isə Vergilər Nazirliyi tərəfindən təsdiq edilmiş səyyar vergi yoxlamasının təyin edilməsi haqqında qərar formasını göstərib. Bu formanın 4-cü bəndində vergi ödəyicisinin şikayət hüququ yer alır.

Məhkəmə Turan agentliyində növbədənkənar vergi yoxlaması haqqında qərarın qanuniliyi və etibarlılığı haqqında məsələyə baxılmasını 13 oktyabr saat 11.55-ə keçirib, ikinci iş isə baxışı dekabrın 5-nə qədər təxirə salınıb.

Turan Vergilər Nazirliyinin əməllərini agentliyin və onun direktoru Mehman Əliyevin cinayət təqibinin uzadılması və kollektivin jurnalist fəaliyyətinə maneə yaradılması üçün qərəzli addımlar kimi qiymətləndirir.