Ali Məhkəmə Rüfət Səfərovun şikayətini təmin etməyib [Video]

Your browser doesn’t support HTML5

Keçmiş müstəntiq ittihamı saxta və sifariş adlandırıb

İyulun 11-də Azərbaycan Ali Məhkəməsi siyasi bəyanatla Zərdab Rayon Prokurorluğunun müstəntiqi vəzifəsindən istefa verdikdən sonra həbs olunan Rüfət Səfərovun kassasiya şikayətini təmin etməyib. Prosesə hakim Gülzar Rzayeva sədrlik edib.

Keçmiş müstəntiq parlamentin keçmiş deputatı, hakim Yeni Azərbaycan Partiyasının yaradıcılarından biri Eldar Sabiroğlunun oğludur. E.Sabiroğlu 2015-ci ildə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin ünvanına sərt çıxışlar edib. Həmin ilin dekabrında isə Rüfət Səfərov qanunçuluğu pozmasına və hüquq-mühafizə orqanlarının pis işinə görə hakimiyyəti açıq tənqid edib. O, prokurorluq orqanlarından istefa verdiyini bəyan edib.

Rüfət Səfərov 2015-ci il dekabrın 24-də aclıq edərkən

Öz növbəsində prokurorluq bəyan edib ki, R.Səfərov “prokurorluq işçisinə yaraşmayan hərəkətə” görə işdən çıxarılıb.

2016-cı il yanvarın 15-də R.Səfərov rüşvət almaq ittihamı ilə həbs olunub. Lakin yanvarın 22-də o, ev dustaqlığına buraxılıb. R.Səfərov ittihamı rədd edib və cinayət işinin sifariş olduğunu bildirib. O, ev dustaqlığı dövründə də əvvəlki fikirlərindən geri çəkilməyib, iqtidarı tənqid edən bəyanatlarını davam etdirib.

Keçmiş müstəntiq Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 2016-cı ilin sentyabrında 9 il azadlıqdan məhrum olunub. Elə məhkəmə zalında da həbs edilib.

2016-cı il dekabrın 22-də Şirvan Apellyasiya Məhkəməsi Səfərovun apellyasiya şikayətini təmin etməyib.

Rüfət Səfərov bu günkü məhkəmədə iştirak edib. O, məhkəmə heyətinə etiraz etməyib.

“Məhkəmənin tərkibinə etirazım yoxdur. Məhkəmə tərkibindən asılı olmayaraq İlham Əliyev rejiminin göstərişini yerinə yetirəcək”, keçmiş müstəntiq bildirib.

Bəhruz Bayramov

Vəkillər Bəhruz Bayramov, Yalçın İmanov və Fariz Namazlı keçmiş müstəntiqin günahının olmadığını, ittihamların istintaqda və məhkəmədə sübut olunmadığını, istintaqın və məhkəmələrin qanun pozuntuları ilə keçirildiyini bildirib. Vəkillər məhkəmədən cinayət işinə xitam verilməsi və Rüfət Səfərova bəraət verilməsi barədə qərar qəbul etməsini xahiş edib.

“Rüfət Səfərov hüquq mühafizə orqanlarında qanunsuzluqlar və korrupsiya halları ilə bağlı bəynatla çıxış edərək, istefa verdikdən sonra ona qarşı cinayət işi qaldırılıb. Onun rüşvət alması haqqında hər hansı fakt yoxdur, əməliyyat keçirilməyib. Yalnız bir neçə nəfərin ifadəsi ilə cinayət işi qaldırılıb. Şahidlərdən biri insanların qınağından çəkinərək ümumiyyətlə məhkəməyə gəlməyib, digəri isə məhkəmədə verdiyi ifadəni, günortadan sonra dəyişib. Halbuki şahid ifadə vermişdi və onun məhkəməyə təkrar ifadə verməsi barədə vəsatət qaldırılmamışdı. Sadəcə şahidi saxlayıb təzyiq etmişdilər, polis nəzarətində yenidən məhkəməyə gətirib təkrar ifadə verərək, əvvəlki ifadəsindən imtina etməyə məcbur etmişdilər”, vəkil qeyd edib.

Yalçın İmanov

Vəkil Yalçın İmanov deyib ki, məhkəmə vəkilə və Rüfət Səfərova son çıxışa hazırlaşmaq üçün vaxt verməyib.

“Hüququn əsas prinsipi belədir: "Bir şahid şahid deyil". İstənilən adam istənilən şəxsə şər ata bilər və istədiyini deyə bilər. Rüfət Səfərova qarşı deyilən rüşvəti sübut edən hər hansı fakt yoxdur və təsdiq edilməyib”.

Vəkilin və Səfərovun son söz deməsi üçün birinci instansiya məhkəməsi cəmi 15 dəqiqə vaxt verib.

“Şəxsin özünü müdafiəsi üçün hazırlaşmağa cəmi 15 dəqiqə vaxt verilirsə, bu məhkəmənin sifsarişi notarial qaydada təsdiqi kimi başa düşülməlidir”, İmanov qeyd edib.

Fariz Namazlı

Vəkil Fariz Namazlı Ali Məhkəmədən Rüfət Səfərova qarşı istefa verdikdən sonra cinayət işinin qaldırılmasının, şahidlərdən birinin məhkəməyə gəlməməsinin və digərinin ifadəsini dəyişməsinin, son söz üçün hazırlaşmağa vaxt verilməməsinin səbəblərinin araşdırılmasını xahiş edib.

“Bütün bunlar Azərbaycan qanunvericiliyi və Avropa İnsan Hüquqları Konvensiyasının tələbləri ilə ziddiyyət təşkil edir”, o qeyd edib.

Rüfət Səfərov çıxışında barəsində qaldırılan cinayət işinin saxta və sifariş olduğunu deyib.

“Bu səbəbdən cinayət işi ləğv edilməli və mənə bəraət verilməlidir”.

O bildirib ki, 2015-ci il dekabrın 20-də ölkədə mövcud olan rejimin korrupsiya və rüşvəti barədə bəyanatla çıxış etdikdən sonra siyasi və cinayət təqibinə məruz qalıb.

“Cinayət işi qaldırılmadan evimdə, iş otağımda axtarış aparıldı, komputerim və mobil telefonum götürüldü. Azərbaycan hakimiyyətini tənqidimi dayandırmadığım üçün məni həbs etdilər. Sonra 9 ay ev dustaqlığında qaldığım dövrdə istintaq hərəkəti aparılmadı. Azərbaycan hakimiyyətini tənqid etdim və keçmiş səhiyyə naziri Əli İnsanovun hüquqlarını müdafiə etdikdən sonra istintaq hərəkətlərini yenidən bərpa etdilər. Məhkəmədə son söz üçün vaxt vermədilər. Hətta Stalin repressiyası dövründə insanlara son söz imkanı verilib”, keçmiş müstəntiq bildirib.

O sədrlik edən hakim Gülzar Rzayevanın bilikli hüquqşünas olmasına baxmayaraq, müstəqil və ədalətli qərar qəbul edə bilməyəcəyini diqqətə çatdırıb.

“Amma, müstəqil qərar vermək imkanınız yoxdur”, o qeyd edib.

Dövlət ittihamçısı kassasiya şikayətinin təmin edilməməsini məhkəmədən xahiş edib və məhkəmə şikayəti təmin etməyib.

Vəkil Bəhruz Bayramov məhkəmənin qərarından Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edəcəyini bildirib.

Eldar Sabiroğlu və Tahirə Səfərova

Rüfət Səfərovun atası Eldar Sabiroğlu məhkəmənin qərarını “insafsız qərar” adlandırıb.

“Rüfət siyasi məhbusdur. Bu məhkəməni quran da, cəzanı verən də Azərbaycan prezidenti İlham Əliyevdir. Hakimlərin dəyişməsi, fikirlərin dəyişməsi üçün o fikrini dəyişməlidir. Lakin onda bu amansızlıq, qəddarlıq hələ davam edir. Biz sona qədər mübarizə aparacağıq və haqq öz yerini tutacaq. Rüfət günahsızdır. Onu şərləyib həbs ediblər. Şər və böhtan çox yeriyən deyil. Mən bu hakimiyyətə 20-il xidmət etdim və gördüm çox səhv etmişəm. Bu da mənim bir günahımdır. Mən günahımı etiraf edirəm. Ədaləti bu gözəl, möhtəşəm binada (Ali Məhkənənin binası-red.) axtardım, tapa bilmədim. Hakimlər də, prokurorlar da sifarişlə işləyir. Sifarişi yerinə yetirməsələr, həm puldan, həm də vəzifədən olacaqlar. Ona görə də mən bunun əsas günahkarı kimi Azərbayca Respublikasının prezidenti İlham Əliyevi görürəm. Onun oğluma qarşı törətdiyi ədalətsiz və qanunsuz işləri lənətləyirəm”, Sabiroğlu qeyd edib.

Eldəniz Quliyev

Rüfət Səfərovun Hüquqlarını İctimai Müdafiə Komitəsinin rəhbəri Eldəniz Quliyev bildirib ki, məhkəmənin qərarı “Azərbaycan hakimiyyətinə utanc gətirən bir qərardır”.

“Siseronun sözünü bir də diqqətə gətirirəm: Məhkəmənin sifarişlə işləməsi onun rüşvətlə işləməsindən pisdir”, o qeyd edib.

Öz növbəsində, rəsmi Bakı bir qayda olaraq ölkədə insanların qanun qarşısında bərabər olduğunu, heç kimin fikrini ifadə etdiyinə görə ittiham edilmədiyini bildirir.