Əli İnsanov: Demokratik inqilab orman yanğınları kimi Azərbaycanın qapısını döyməkdədir (Məhkəmədən reportaj) [Video]

Your browser doesn’t support HTML5

Əli İnsanov 7 il 5 gün müddətinə azadlıqdan məhrum edilib

Məhkəmə sabiq səhiyyə nazirinə 11 illik həbsdən sonra, daha 7 il 5 gün həbs verib

Aprelin 26-da Bakının Qaradağ rayon Məhkəməsinin hökmü ilə sabiq səhyyə naziri Əli İnsanov 7 il 5 gün azadlıqdan məhrum edilib. Prokuror ona 8 il 9 gün həbs istəyib.

Prokurorun çıxışı, vəkillərin, Əli İnsanovun son sözü və hakim Rəşad Mustafayevin hökmü elan etməsi 3,5 saat ərzində baş verib.

Əli İnsanov 2005-ci ilin oktyabrında dövlət çevrilişinə cəhddə ittiham olunaraq həbs edilib. Sonradan iqtisadi cinayətlərdə ittiham edilərək 11 il azadlıqdan məhrum edilib.

2016-cı ilin oktyabrında həbsdən çıxmasına 56 gün qalmış ona qarşı yeni ittihamlar irəli sürülüb: 234.1 (narkotik maddənin əldə edilməsi və saxlanması), 315.2 (xidməti vəzifəsini yerinə yetirərkən hakimiyyət nümayəndəsinə müqavimət göstərilməsi), 317. 2.1 (qadağan olunmuş əşyaların hazırlanması, saxlanması və gəzdirilməsi).

2006-cı il oktyabrın 11-də Qaradağ Rayon Məhkəməsi həbsdə olan sabiq nazirə yeni həbs qərarı çıxarıb.

2013-cü il martın 14-də Avropa İnsan Hüquqları Məhkəməsi Ə.İnsanovun ədalətsiz mühakimə olunması barədə qərar çıxarıb. Ancaq, Azərbaycan hakimiyyəti hökmü dəyişməyib.

Avropa Şurası Nazirlər Kabineti Azərbaycan hökumətini Avropa Məhkəməsinin qərarını yerinə yetirməyə çağırıb.

Hüquq-müdafiə təşkilatları Ə.İnsanovu “siyasi məhbus” kimi tanıyıb.

Əli İnsanov bütün məhkəmələrində hazırki iqtidarın yüksək vəzifəli şəxslərini kəskin tənqid edib.

Bu günki məhkəmə iclasında dövlət ittihamçısı Fərahim Hüseynli Əli İnsanova cəzasını ağır rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 8 il 9 gün həbs istəyib. Prokuror həmçinin İnsanovun əvvəlki cəzasından qalmış 3 il müddətində dövlət və özünidarəetmə orqanlarında vəzifə tutmamaq cəzasının qüvvədə saxlanılmasını xahiş edib. Eyni zamanda, 243 manat 12 qəpik ekspertiza xərclərini də keçmiş nazir ödəməlidir.

“İnsanovun cəzasını yüngülləşdirici hallar yoxdur. O etdiyi hərəkətləri etiraf etməyib və ondan peşman olduğunu deməyib”, dövlət ittihamçısı qeyd edib.

Zərəçəkmiş kimi tanınmış Anar Məmmədov da prokurorun dediklərini müdafiə edib və məhkəmədən İnsanovun cəzalandırılmasını xahiş edib.

“Əli İnsanov heç bir cinayət törətməyib, əsassız olaraq həbs edilib. O uğursuz şərləmə ilə həbs olunub. Bu onun 11 illik həbsinin başa çatmasına bir neçə gün qalmış baş verib. Məqsəd İnsanovun azadlığa buraxılmasının qarşısını almaq olub. İttiham heç bir real məntiqə sığmır. İnsanov eyni anda Anar Məmmədova kəllə-beyin travması yetirib, onu boğub, köynəyini, paqonlarını cırıb? Ədliyyə mayoru olan Anar Məmmədov və orada olan 15 nəfər əməliyyatçı da durub baxıb? Guya kəllə-beyin travması almış, xəstəxanaya yerləşdirilmiş Anar Məmmədov iki gün sonra prokurorluğa gəlib ifadə verib və sonra Əli İnsanovla üzləşmədə iştirak edib. Əli İnsanov dəfələrlə prokurorluğa və məhkəməyə müraciət edərək ona qarşı şərləmə əməliyyatında iştirak edənlərin cəzalandırılmasını tələb edib. Amma, müraciətə baxılmayıb”, vəkil Ağaveyis Şahverdi çıxışında deyib.

Vəkilin sözlərinə görə, ittihamlar ibtidai istintaqda və məhkəmədə sübut edilməyib.

“Müdafiə tərəfinin sübutların yolverilməzliyi barədə vəsatətləri təmin edilməyib. Məhkəmə qərəzli olub, yalnız ittiham tərəfinin sübutlarına istinad edib. İstintaq, ekspertiza da ciddi qanun pozuntuları ilə keçirilib. Əli İnsanov ifadə vermədiyi halda, guya onun ifadəsinin zərərçəkmişin ifadəsi ilə uzlaşmaması səbəbindən üzləşmə keçirilib. Əgər, İnsanov ifadə verməyibsə, onun ifadəsi nə cür uzlaşmaya bilər? Məhkəmə qərəzli olub, provokasiyanı (təxribatı-red) təşkil edənlərlə bağlı müraciətlərimizi araşdırmayıb”.

A.Şahverdi deyib ki, Əli İnsanov akademik, əməkdar elm xadimi, keçmiş səhiyyə naziri, Milli Məclisin deputatı, Azərbaycanda dərman kəşf edən yeganə alim, iqtidarda olan Yeni Azərbaycan Partiyasının yaradıcılarından biridir.

Vəkilin sözlərinə görə, Əli İnsanov barəsində həbs qərarını da hazırda sədrlik edən hakim Rəşad Mustafayev verib.

“Hakim o zaman da qərar qəbul edəndə cinayət əməlinin təsdiq olunduğunu bildirib və bununla da İnsanovun təqsirsizlik prezumpsiyasını pozub. Biz hakimə etiraz edirik. Əli İnsanova isə bəraət istəyirik”, Şahverdi bildirib.

Dövlət ittihamçısı və zərəçəkmiş vəkilin vəsatətini müdafiə etməyib, hakim isə “belə vəsatətin məhkəmə istintaqı zamanı verilməsinin” vacibliyini əsas gətirərək təmin etməyib.

Vəkil Toğrul Babayev çıxışında deyib ki, Əli İnsanov hər hansı cinayət əməli etməyib.

“Nə baş verib? Siz nə edirsiniz? Biz haraya gedirik? Əli İnsanov ziyalıdır, akademikdir, əməkdar elm xadimidir, 13 il Heydər Əliyevlə birgə işləyib, YAP-ın qurucularındandır. Bu adam nə edib ki, bu qədər cəza istəyirsiniz? Heç kilolarla narkotik satan adama bu qədər cəza istənilmir”, o emosinal tərzdə bildirib.

Vəkil deyib ki, Əli İnsanov bundan öncə 11 il ağır şəraitdə cəza çəkib. O şaxtalı havalarda yataq kisəsində yatıb, amma rejim qaydalarını pozmayıb.

“Əli İnsanov kimə nə edib? Heç kimin burnu belə qanamayıb. O Azərbaycan kişisidir. 11 il ərzində ağır şəraitdə saxlanılmasını ailəsinə belə bildirməyib. 11 ildə bir dəfə belə həyat yoldaşı, qızı, nəvəsi ilə görüşməyib. O 11 il cəza çəkdiyi müddətdə hər hansı insanın xatirinə belə dəyməyib. Avropa İnsan Hüquqları Məhkəməsinin qərarını yerinə yetirmirsiniz. Məqsədiniz nədir, ölkəni hara aparırsınız? Hüquqi dövlət qurmaq budur? 21-ci əsrdir, sizdə bu qədər kin-küdurət hələ də qalır? Əli İnsanov Heydər Əliyev üçün sinəsini irəli verən şəxsdir. Hətta, dövlət çevrilişi edənləri, adam öldürənləri 7 ildən sonra həbsdən buraxırsınız. Əli İnsanov nə edib? Prototkol cırıb?”, Babayev əlindəki kağız vərəqi nümayişkarənə şəkildə cırıb atıb.

Bu arada hakim müşavirəyə gedən zaman İnsanov gülərək salondakılara deyib: “Bacarmırlar. Bu qədər top-tüfənglə bir nəfərə qarşı durublar”, o qeyd edib.

“Xatircəm olsunlar, mən yenə çox rahat və nikbinəm. Bu cəza məndə istehza belə yaratmır, heç kimi də təhqir etməyəcəm. Sadəcə sual edirəm, - siz həvəslə və pafosla bu cür yalanları necə uydurursunuz? Bu ittihamlar şər-böhtandır, qəbul etmirəm”, İnsanov son sözünə belə başlayıb.

O dövlət ittihamçısının cəza istəməsini “terror” kimi qəbul etdiyini deyib.

“Bu cəzanı Azərbaycan ziyalısına, akademikinə, keçmiş nazirinə, deputatına qarşı bir terror kimi qəbul edirəm. Biz hansı zəmanədə yaşayırıq. Dövlət ittihaçısının dediyinə əlavə etmək istəyirəm. Guya, mən alim, keçmiş səhiyyə naziri, deputat, iqtidar partiyasının qurucusu narkotik saxlayıram? İndiki nazirlər, iqtidarda olanlar ehtiyatlı olsunlar, onlar da nə vaxtsa narkotik saxlaya bilər! Bu göstərişi verənlər sıravi sovet polis əməkdaşı səviyyəsindədir. Görün, dünya hansı səviyyədədir? Biri tapşırır, biri narkotiki qoyur, biri də don geyindirir. Beləliklə, “terror” həyata keçirirlər. Bunların hamısı bir nəfərin yalanıdır”, sabiq nazir deyib.

O jurnalistlərin və insanların məhkəmə zalına buraxılmamasına işarə edərək sovet dövründə jurnalsitlərin rəhbərlərlə bağlı Lenin muzeyindən reportajını xatırladıb.

“Təsəvvür edin, sovet dövründəki kimi məni jurnalistlərlə Lenin muzeyinə çağırırsınız. Mən danışıram, jurnalistlər yazmır. Bura mənim məhkəməmdir, məm danışmalıyam jurnalistlər də yazmalıdır. İndi dünyada çox az demokratik olan ölkələrdə belə məhkəmələrdən canlı yayım verirlər”.

İnsanov məhkəmə heyətinə müraciət edərək, onun haqqında qərar verənlərin öz ailə üzvləri qarşısında məsuliyyətindən danışıb.

“Siz nəvələriniz qarşısında nə deyəcəksiniz? Vaxtı ilə çar Nikolayı və onun ailə üzvlərini güllələyən çekistlər şagirdlərinin qarşısında öz tapançalarını göstərərək öyünürdülər. Siz nə ilə öyünəcəksiniz?”, o sual edib.

Keçmiş nazir məhkəmə heyətindən, onlara tapşırıq verənlərə bu ismarıcını çatdırmalarını xahiş edib.

”Onlara çatdırın ki, siz heç zaman dəmir barmaqlıqlar arxasında Əli İnsanovun kədərli heykəlini görməyəcəksiniz. Əli İnsanov mübarizə adamıdır, xalqının azadlığı və firəvanlığı uğrunda dəmir barmaqlıqlar arxasında da mübarizəsini aparacaq. Əli İnsanov ölümlə rəqs edənlərdəndir. Onu heç nə qorxutmur. Bu həbsi də iki prezident seçkisinə hesablayıbsınız”, İnsanov qeyd edib.

O çıxışının davamında deyib ki, insanın haqqında məhkəmə qərarı da çıxarmaq olar, onu öldürmək də olar, amma arzuları öldürmək mümkün deyil.

“Əli İnsanovun arzusu xalqını azad və firəvan görməkdir. Bu yolda mübarizəm davam edəcək. Mən bu yola kəfənlə çıxmışam”, sabiq nazir bildirib.

Sonra o cəzaçəkmə müəssisəsində onunla bağlı baş verənlərə münasibət bildirib. Vəkillərin dediyini bir daha təsdiq edib.

“Mən 158 məhbusla bir barakda olmuşam. Orada hər məhbusun bir qəbr yeri var. Onlar axtarış zamanı heç nə tapmayıblar. Sadəcə yalanlar uydurublar. Cəzaçəkmə müəssisəsinin əməliiyaçısı duran yerdə Penitensiar Xidmətin mərkəzi aparatından yoxlama gəlib. Mən yoxlama zamanı qonşu otaqda vəkilimlə olmuşam. Guya, nə isə tapıblar. Vəkilim gedəndən sonra məni çağırıblar. Orada heç bir protokol olmayıb. Geri döndəndə Anar Məmmədovun cibinin çöldə olduğunu gördüm. Mən ifadə verməmişəm, protokol olmayıb. Necə ola bilər ki, 15 adamın içərisində eyni vaxtda həm Anar Məmmədovun paltarını cırmışam, paqonun cırmışam, protokolu çırmışam, Anarı boğmuşam, ona kəllə-beyin xəsarəti yetirmişəm. Mən istintaqda dəfələrlə vəsatət qaldırdım ki, tapılan dərmanların qabları, çırılmış protokoldakı əl izləri ekspertizaya verilisn. Etmədilər. Anar Məmmədov kəllıə-beyin travması alıb, 35 gün xəstəxanada yatıb, amma hansı müalicə alması barədə məlumat yoxdur. Paltarımın ekspertizası ilə bağlı rəy də tam yalandır. Çünki o hadisədən sonra məni çox pis şəraitli, yataq yeri olmayan, çox çirkablı bir cərimə kamerasına salmışdılar. Mən oradan çıxandan sonra çirkli paltarımı zibilə atmışdım. Onlar mənim geyindiyim başqa paltarı ekspertiza ediblər. Guya, mən Anar Məmmədovla o qədər yaxalaşmışam ki, paltarlarımızın lifləri bir-birinə qarışıb. Bunlar tam yalandır”.

Sabiq səhiyyə naziri guya tapdıqları dərmanların rənginin də narkotik tərkibli dərmanların rəngi ilə uyğun gəlmədiyini deyib. Belə ki, onun sözlərinə görə, istintaq materiallarında tapılan dərmanların müxtəlif rənglərdə olduğu göstərilib.

“Amma, narkotik tərkibli dərmanlar ağ rəngdə olur ”.

“Beləliklə, cənab hakim, sizin qarşınızda yalnız mənim tərcümeyi-halım qalır. Buyurun ona hökm çıxarın”, İnsanov istehza ilə sədrlik edənə bildirib.

O deyib ki, görün ölkə haraya gəlib çıxb.

“Siz özünüz də bu ittihamlara inanmırsınız. Beynəlxalq aləm bu ittihama inanmır, ictimai rəy inanmır. Burada 18-ci əsrdəki Fransa kraliçası Mariya Antonettanın məşhur kəlamları yadıma düşür. Ona deyirlər ki, xalq küçələrə töküşüb, sizi lənətləyir. Kraliça deyir, xalq nə istəyir? Deyirlər, çörək. Kraliça deyir ki, çörək yoxdur, pirojna yesinlər. Bilirsinz sonra xalq karliçaya nə edib? İndi ictimai rəyə fikir verin, ondan qorxun. Ədaləti bərpa etməsəniz, kralınız da var, karliçanız da”, İnsanov hakim müşavirə otağında olarkən daha bir xatirəsini salondakıların diqqətinə çatdırıb.

“1997-ci ildə Heydər Əliyevin xüsusi tapşırığı ilə Türkiyə prezidenti Süleyman Dəmirəllə görüşdüm. O bir mesajını çatdırmağı xahiş etdi. Dedi ki, sultanlardan üzü bəri sokaklara qalib gələn olmayıb”, sabiq nazir qeyd edib.

İnsanov həmçinin həbsinə sevinməmələrini deyib. “Mən sizlərdən daha çox yaşayacam. Buna tam əmin olun”.

O həmçinin zalda olanlara deyib ki, Azərbaycanda durum heç zaman indiki qədər ağır olmayıb.

“Mən çox şey bilirəm. Ona görə də rahatam. Onlar isə çox naratdırlar. Bilmirlər hara gedirlər. Bu gün demokratik inqilab orman yanğınları kimi Azərbaycanın qapısını döyməkdədir. Bu səbəbdən də Azərbaycanın siaysi səngərində baş qaldıran hər bir müxalif şəxs iqtidarın snayperinə tuş gəlir. Ədalət bərpa edilməzsə, vəziyyətin necə olacağını demək çətindir”, o qeyd edib.

Əli İnsanov iclas zalında fasilələr zamanı Amerikanın Səsinin müxbirinin sualının cavabında bildirib ki, səhhəti “çox əladır”.

“Hər səhər düşmənlərimin acığına bir saat idman edirəm, 10-11 dəfə çəkinirəm. Amma, həbsxanada rejim necədirsə, mənə də münasibət elədir. Burada mənə qarşı Hitlerin ölüm düşərgəsində bir yəhudiyə olan münasibət var”, o qeyd edib.

İnsanov bildirib ki, “məhkəmə zalında onun kədər heykəlini görməyi arzulayan xalqının düşmənlərinə bir şerlə səslənir”.

Seçdiyim yol haqq yoludur, bilənlərə mərhaba

Getdiyim yol tikanlıdır, gələnlərə mərhaba.

Vətən oğlu arxamca gəl haqqı bərqərar edək

Ölüm haqdır, Şəhidliyi sevənlərə mərhaba.

“Bəli, mənim getdiyim yol tikanlıdır, ayaqlarını sevənlər arxamca gəlməsin”, sabiq nazir qeyd edib.