Siyəzəndə insident zamanı həbs edilənlərə hökm oxunub

Siyəzəndə etiraz aksiyası

Martın 29-da Siyəzən Rayon Məhkəməsində (Bakıdan 100 kilometr şimal) Quba Rayon Məhkəməsinin hakimi Elman Əhmədovun sədliyi ilə keçirilən prosesdə 2016-cı ilin yanvarında qiymət artımına etiraz aksiyasından sonra həbs edilən 11 nəfər barədə hökm oxunub. Həmin şəxslər 4 ildən 6 ilədək həbsə məhkum edilib. Bu barədə Siyəzən Rayon Məhkəməsindəki mənbə Amerikanın Səsinə bildirib.

Mənbənin sözlərinə görə, məhkəmə prosesi Quba Rayon Məhkəməsi tərəfindən aparılıb. Sadəcə müttəhimlər Sizyəzən rayonundan olduğundan məhkəmə iclasları Siyəzən Rayon Məhkəməsinin binasında keçirilib.

Öz növbəsində, Quba Rayon Məhkəməsindən Amerikanın Səsinə bildiriblər ki, Siyəzən hadisələri zamanı həbs edilən 11 nəfər barədə 4 ildən 6 ilədək həbs hökmü çıxarılıb.

Yerli sakinlərin dediyinə görə, məhkəmə prosesi media və geniş ictimaiyyətin iştirakı olmadan keçirilib. Həmçinin məhkəmə prosesi ilə bağlı Quba və Siyəzən rayon məhkəmələrinin rəsmi saytlarında hər hansı məlumat yoxdur.

Xatırladaq ki, 2016-cı il yanvarın 12-də unun və digər məhsilların qiymətlərinin artırılmasına etiraz olaraq bir qrup sakin yerli icra hakimiyyətinin binası qarşısında etiraz aksiyası keçirib. İcra hakimiyyətinin başçısı etirazçılara tələblərinin yerinə yetiriləcəyi ilə bağlı söz verdikdən sonra sakinlər dağılışıb. Bundan sonra gecə saatlarında bir çox etirazçı saxlanılıb. Yanvarın 13-də saxlanılanların azad edilməsi tələbi ilə yenidən aksiya keçirilib və insident yaranıb. Çoxsaylı sakinlər saxlanılıb. Onlardan 11 nəfər məhkəmə qarşısına çıxarılıb.

Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun 2016-cı il yanvarın 13-də yaydığı məlumatda deyilir ki, 2016-cı il 12-13 yanvar tarixlərində Siyəzən rayonunun bir qrup sakini tərəfindən şəhərin mərkəzi prospekt və küçələrində qanunvericiliklə müəyyən edilmiş qaydada razılaşdırılmayan yürüş təşkil edilib.

İctimai qaydanı kobud surətdə pozan aksiya iştirakçıları hakimiyyət nümayəndələrinin qanuni tələblərinə tabe olmayaraq nəqliyyatın, müəssisə, idarə və təşkilatların normal fəaliyyətinin pozulmasına səbəb olan qanunazidd hərəkətlər törədib. Nəticədə, xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq edilib, onlara müxəlif dərəcəli bədən xəsarətləri yetirilib, ümumi təhlükəli üsulla polisin iki xidməti avtomaşını zədələnib.

Hüquqazidd hərəkətlərə yol vermiş 55 nəfər saxlanılıb.

Fakt üzrə Baş Prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 186.2.2 ()əmlakı qəsdən məhv etmə və ya zədələmə, 233 (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci hakimiyyət nümayəndəsinə müqavimət göstərmək və ya zor tətbiq etmək) maddələri ilə cinayət işi başlanılıb.