Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycanın keçmiş xarici iqtisadi əlaqələr naziri Nicat Quliyevin Avropa İnsan Hüquqları Konvensiyasında nəzərdə tutulmuş hüquqlarının pozulması ilə bağlı şikayətini qəbul edib. Bu barədə vəkil Fuad Ağayevin - Quliyevin Avropa Məhkəməsindəki nümayəndəsinin aldığı bildirişdə deyilir.
Fuad Ağayev deyib ki, Nicat Quliyevin barəsində Azərbaycanın beynəlxalq-hüquqi öhdəlikləri, o cümlədən İnsan Hüquqlarının Müdafiəsi haqqında Konvensiya üzrə öhdəlikləri ən kobud şəkildə pozulub, azadlıq, ədalətli məhkəmə təhqiqatı və s. hüquqları tapdanıb.
"Şikayət AİHM-ə göndərilsə də, Quliyev milli məhkəməyə onun işi üzrə yekun qanuni və ədalətli qərar qəbul etmək imkanı vermək üçün bütün hüquqi vasitələri müəyyən etməyi xahiş edib.
Biz həmkarım Əfqan Məmmədovla birlikdə vaxtilə mərhum həmkarımız Elton Quliyevin apardığı onsuz da əsaslı olan araşdırmanı fakt və dəlillərlə tamamlamaq üçün üzərində işləyirik. Bu halda söhbət ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən Quliyevin üzərinə atılmış silahdan gedir", Fuad Ağayev bildirib.
Nicat Quliyev 2013-cü il avqustun 7-də MTN işçiləri tərəfindən həbs olunub.
"Həbsin növbəti gecəsi çox sayda MTN əməkdaşından ibarət silahlı qrup məhkəmə qərarı olmadan Quliyevin Novxanı qəsəbəsindəki evinə soxulub. Evdə Quliyevin həyat yoldaşı və yetkinlik yaşına çatmamış iki övladı var idi. Başda mərhum Elton Quliyev olmaqla, Quliyevin vəkilləri nazirə irəli sürülmüş ittihamların uydurma olduğunu sübut ediblər. N.Quliyev barəsində cinayət işi saxtalaşdırılıb, onun üzərində "aşkar olunmuş" silah əslində MTN işçiləri tərəfindən onun üzərinə atılıb", vəkil qeyd edib.
Elton Quliyev silahı istehsal edən zavoda müraciət edib və araşdırma aparmaq üçün dəfələrlə Rusiyaya gedib. Nəticədə, o, Quliyevin üzərində "tapılmış" tapançaları döyüş tapançası deyil, siqnal tapançası olduğunu müəyyən edib.
"Maraqlıdır ki, digər siyasi məhbusdan - gununsesi.info saytının redaktoru Pərviz Həşimlidən də həmin partiyaya aid tapançalar "tapılıb", vəkil bildirib.
Vəkil hesab edir ki, Abşeron rayon Məhkəməsi (hakim İ.Rəcəbov) uydurma ittiham və saxtalaşdırılmış "iş" əsasında N.Quliyevi 3 il - Cinayət Məcəlləsinin 228.1-ci (odlu silahın qanunsuz əldə edilməsi, saxlanması və daşınması) maddəsi ilə nəzərdə tutulmuş maksimum müddətə azadlıqdan məhrum edib.
Sumqayıt Apellyasiya Məhkəməsi və Ali Məhkəmə Abşeron rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb. Nicat Quliyev 3 illik cəza müddəti başa çatdıqdan sonra həbsdən azad edilib.
Hüquq müdafiə təşkilatları onu “siyasi məhbus” kimi tanıyıb. Məşhur kinodramaturq Rüstəm İbrahimbəyov bildirib ki, Nicat Quliyev onunla dostluğuna görə həbs olunub.
Nicat Quliyev Heydər Əliyev hökumətində xaric iqtisadi əlaqələr nazirliyinə rəhbərlik edib. Sonradan keçmiş Acarıstan prezidenti Aslan Abaşidzenin müşaviri olub.