Dekabrın 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə qanunsuz narkotik dövriyyəsində ittiham olunan NİDA Vətəndaş Hərəkatının fəalı Elgiz Qəhrəmanın işi üzrə proses davam etdirilib.
Elgiz Qəhrəman 2016-cı ilavqustun 12-də saxlanılıb və həmin gün Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) maddəsi ilə həbs-qətimkan tədbiri seçilib. Onu 12 ilədək azadlıqdan məhrum olunma təhlükəsi gözləyir.
E.Qəhrəmanı bir həftə Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlayıblar və vəkili yanına buraxmayıblar.
NİDA Vətəndaş Hərəkatı E.Qəhrəmanın siyasi motivlərlə həbs olunduğunu bəyan edib. Onun həbsi ölkədə referendum qabağı facebook-da tənqidi status yazmasından sonraya təsadüf edir.
Prosesdə müdafiə tərəfin vəsatəti əsasında əlavə şahid kimi Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin (BMCMİ) şöbə rəisi Kərim Əlimərdanov və bu idarənin baş əməliyyat müvəkkili Şahlar Cəfərov dindirilib.
Qəhrəman deyib ki, saxlanıldıqdan sonra BMCMİ-də saxlanıldığı 6 gün ərzində Əlimərdanovun göstərişi ilə döyülüb və alçaldılıb.
Gəncin sözlərinə görə, hər gün onu soyundurub döyürdülər, alt paltarı ilə döşəmə silməyə məcbur edirdilər.
O qeyd edib ki, saxlanıldıqdan sonra BMCMİ-də Əlimərdanovun kabinetinə aparılıb. Təqsirləndirilən şəxsin sözlərinə görə, məhz burada o üzərindən götürülmüş narkotikin ona məxsus olduğu, habelə ilahiyyatçı Fətullah Gülənlə əlaqələri haqqında etirafedici ifadələrin altına imza atmağa məcbur edilib.
Əlimərdanov və Cəfərov Qəhrəmanın dediklərini inkar ediblər. Onların sözlərinə görə, Qəhrəman ümumiyyətlə onların kabinetinə aparılmayıb.
Amma, fəal BMCMİ əməkdaşlarının kabinetlərini təsvir edib. “Kərim Əlimərdanovun kabinetində 9 telefon var. Masanın yanında dəyənəklərin qoyulduğu xüsusi yer var. Həmçinin orada məni çəkdikləri videokameralar var. Şahlar Cəfərovun kabinetində isə beysbol çubuqları var”, deyə Qəhrəman bildirib.
Daha sonra vəkillər Fariz Namazlı və Nemət Kərimli Qəhrəmana saxlanıldıqdan sonra təyin edilmiş vəkil Oqtay Əliyevin məhkəməyə çağırılması, guya fəalın üzərindən götürülmüş narkotikin ekspertizası üzrə rəy vermiş mütəxəssisin dindirilməsi və BMCMİ-də əməliyyat məlumatlarının qeydiyyatı kitabının məhkəməyə gətirilməsi barədə vəsatət qaldırıblar.
Hakim Məcidov yalnız ekspertin çağırılması haqqında vəsatəti təmin edib. Qalan iki vəsatət təmin olunmayıb.
Növbəti iclas yanvarın 5-nə təyin edilib.
Vəkil Namazlı Amerikanın Səsinə deyib ki, təyin edilmiş vəkil Oqtay Əliyev Qəhrəmanın üzərinə şəxsi baxış və onun mənzilində axtarış haqqında protokolları da imzalayıb.
Müdafiə tərəfi vəkilin Qəhrəmanın evində axtarışda iştirak etməsinə şübhə edir. Qəhrəman özü orada olmayıb. Onun qardaşına isə axtarış aparan şəxsləri təqdim etməyiblər.
Ekspertin çağırılmasına gəlincə, Namazlının sözlərinə görə, müdafiə tərəfi Qəhrəmanın üzərindən götürülmüş maddənin narkotik kimi müəyyən edilməsi metodologiyası ilə maraqlanır.
“Avqustun 12-də Qəhrəman saxlanılıb, elə həmin gün ekspert ondan götürülən maddənin heroin olduğu haqqında rəy verib. Ekspert bunu hansı üsulla müəyyən edib?” Namazlı qeyd edib.
Nəhayət, üçüncü vəsatət - daxil olan əməliyyat məlumatlarının qeydiyyatı kitabının istənilməsi ittihamın mahiyyəti ilə bağlı idi.
Cinayət işinin materiallarında Qəhrəmanın narkotik ticarəti ilə məşğul olmasının yeganə dəlili BMCMİ-yə daxil olan əməliyyat məlumatıdır. Hətta Qəhrəmandan işgəncə ilə alınmış ifadələrdə belə qeyd olunur ki, o, narkotiki “tapıb” və “şəxsi istifadə məqsədilə” istifadə etmək istəyib.
Qanun mənbənin anonimliyini saxlamağa imkan verir. Amma müdafiə tərəfi mənbənin qapalı iclasda dindirilməsinin və ya bu şəxsin hansı əsasla Qəhrəmanın narkotik ticarəti ilə məşğul olmasını düşündüyü barədə sualları cavablandırması üçün üzübağlı şəkildə məhkəməyə gətirilməsinin mümkün olduğunu hesab edir.