Bu gün Bakı apellyasiya məhkəməsində araşdırmaçı jurnalist Xədicə İsmayılovanın həbs müddətinin uzadılmasına dair qərardan verilmiş apellyasiya şikayətinə baxılıb.
Apellyasiya məhkəməsi martın 6-da Nəsimi Rayon Məhkəməsinin jurnalistin barəsində seçilmiş həbs qətimkan tədbirini may ayınadək uzadılması barədə qərarı qüvvədə saxlayıb.
Bu barədə vəkil Fəxrəddin Mehdiyev Amerikanın Səsinə bildirib.
Onun sözlərinə görə, jurnalistin işində vəkil olan Yalçın İmanov Xədicə İsmayılovanın işindən kənarlaşdırılıb.
Belə ki, proses zamanı Ağır Cinayətlərə dair İstintaq İdarəsinin müstəntiqi Orxan Babayev bildirib ki , Azadlıq Radiosunda axtarışla bağlı vəkil İmanov şahid qismində dindirildiyindən Xədicə İsmayılovanın vəkili kimi təmsil oluna bilməz. Çünki bunlar eyni saylı cinayət işidir.
Vəkil Fəxrəddin Mehdiyev bildirib ki, jurnalist Xədicə İsmayılova və onlar buna etiraz edib.
Xədicə İsmayılova qərarın onun müdafiəsinin zəiflədilməsinə xidmət etdiyini deyib.
Lakin məhkəmə vəkilin uzaqlaşdırılması barədə qərar qəbul edib.
Xədicə İsmayılova 2014-cü il dekabrın 5-də həbs olunub. O, jurnalist Tural Mustafayevin "özünü öldürmə həddinə çatdırma" iddiası ilə saxlanıb.
Bu il fevralın 13-də jurnalistə qarşı Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və israf etmə - külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1(vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui- istifadə) maddələri ilə yeni ittihamlar elan olunub.
Bu ittihamlara görə Xədicə İsmayılovanı 12 ilədək həbs gözləyir.
Fevralın 23-də Bakı İstintaq Təcridxanasında Elman Türkoğlunun həbsdə olan jurnalist Xədicə İsmayılovaya qarşı iddiası üzrə Binəqədi Rayon Məhkəməsinin hakimi Sədrəddin Hacıyev daha bir qərar çıxarıb.
Hakim jurnalisti Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) maddəsi ilə təqsirli bilərək 2500 manat məbləğində cərimələyib.