İlqar Nəsibovun məhkəməsi başlayır

İlqar Nəsibov

İlqar Nəsibov və ona xəsarətlər yetirən Fərid Əsgərov qəsdən sağlamlığa az ağır zərər vurmada ittiham olunur

Naxçıvan şəhər Məhkəməsində hakim Mehman Allahverdiyevin sədrliyi ilə oktyabrın 24-də hüquq müdafiəçisi və jurnalist İlqar Nəsibovun Fərid Əsgərova qarşı, oktyabrın 27-də isə Fərid Əsgərovun İlqar Nəsibova qarşı cinayət işi üzrə hazırlıq iclası olacaq.

Bu barədə Naxçıvanda fəaliyyət göstərən “Demokratiya və QHT-lərin İnkişaf Resurs Mərkəzi” İctimai Birliyinin rəhbəri Məlahət Nəsibova Amerikanın Səsinə bildirib.

Naxçıvanda qəddarcasına döyülən hüquq müdafiəçisi İlqar Nəsibovun Fərid Əsgərova qarşı, Fərid Əsgərovun isə İlqar Nəsibova qarşı iddiası üzrə cinayət işinin istintaqı Naxçıvan şəhər Polis İdarəsində aparılıb. Hər iki şəxs Cinayət Məcəlləsinin 127.1 (Qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham olunur.

İlqar Nəsibov avqustun 21-də Naxçıvanda Demokratiyaya Dəstək Resurs Mərkəzinin ofisində qəddarcasına döyülüb.

O çoxsaylı xəsarətlər alıb, beyni silkələnib. Bundan sonra, Nəsibovun ərizəsi əsasında Naxçıvan Şəhər Polis İdarəsində Fərid Əsgərov adlı şəxsə qarşı CM 127.1-ci maddəsi ilə cinayət işi qaldırılıb. Əsgərov saxlanılıb və sonra azad buraxılıb.

Bir ay sonra sentyabrın 20-də Fərid Əsgərovun iddiası əsasında Naxçıvan Şəhər Polis idarəsində İlqar Nəsibova qarşı da Cinayət Məcəlləsinin 127.1 maddəsi ilə cinayət işi qaldırılıb.

Məlahət Nəsibova Amerikanın Səsinə bildirib ki, həyat yoldaşı İlqar Nəsibovun müalicəsi hələ də davam etdirilir.

"Bununla yanaşı, istintaq İlqar Nəsibovun Naxçıvandan ölkənin digər yerlərinə getməsinə qadağa qoyub. Bu isə İlqarın Bakı və digər mərkəzi şəhərlərə gedərək müalicə üçün həkimlərə müraciət etməsinə imkan vermir. Adətən, istintaq ölkəni tərk etməmək barədə qərara qəbul edir, amma İlqara Naxçıvanı tərk etməyə qadağa qoyulub”, o qeyd edib.

İlqar və Məlahət Nəsibovlar Naxçıvanda insan hüquqlarının qorunması sahəsində aktiv fəaliyyət göstərir. Onlar İlqar Nəsibovun qəddarcasına döyülməsinin jurnalist və hüquq müdafiəçisi fəaliyyəti ilə bağlı olduğunu bildirir.

Çoxsaylı beynəlxalq və yerli hüquq müdafiə təşkilatı İlqar Məmmədovun qəddarcasına döyülməsinin araşdırılıb, sifarişçilərin və icraçıların cəzalandırılmasını Azərbaycan hökumətindən tələb edib.

Naxçıvan şəhər Polis idarəsi isə insidentin məişət zəminində baş verdiyini, iki dostun dalaşdığını bildirib.