Rəsul Cəfərovun Bank Respublikaya qarşı iddiası üzrə məhkəmə prosesi

Rəsul Cəfərov etiraz edir (Foto Rəsul Cəfərovun facebook səhifəsindən götürülüb)

Cəfərov cavabdehdən maddi ziyana görə 100 manat və mənəvi ziyana görə 10 min manat təzminat tələb edir

Oktyabrın 17-də Bakının Səbail rayon məhkəməsində Zaur Əliyevin sədrliyi ilə həbsdə olan hüquq müdafiəçisi Rəsul Cəfərovun Bank Respublika SC-yə qarşı iddiasına baxılıb.

Cəfərov hesab edir ki, bank onun qarşısında müştəriyə xidmət öhdəliklərini yerinə yetirməyib, ona mənəvi və maddi ziyan vurub. Cəfərov cavabdehdən maddi ziyana görə 100 manat və mənəvi ziyana görə 10 min manat təzminat tələb edir.

Cəfərovun fikrincə, bank onun kartını hələ hesabların dondurulması haqqında rəsmi məhkəmə qərarı qəbul edilməzdən əvvəl dondurub.

Belə ki, 6 iyul 2013-cü il tarixində Kiyevdə xidməti ezamiyyətdə olan Cəfərov otelin pulunu ödəmək üçün bank kartından istifadə edə bilməyib. Hesabların dondurulması haqqında məhkəmə qərarı isə ayın 7-də qəbul edilib.

Məhkəmə iclasında Bank Respublika SC-nin nümayəndəsi bildirib ki, bankın əməkdaşları Cəfərovun bank kartından istifadəsi ilə bağlı yaranmış problemlər haqqında məlumat daxil olan kimi onunla əlaqə saxlamaya çalışıblar. Lakin Cəfərov telefona cavab verməyib.

Öz növbəsində, iddiaçının şahidi Günay İsmayılova bildirib ki, iyulun 6-da hüquq müdafiəçisindən öz kartından istifadə edə bilmədiyi haqqında məlumat alıb. İstirahət günü olduğuna görə İsmayılova bazar ertəsi banka zəng edib.

Daha sonda bankdan zəng edərək, Cəfərovun kartı və hesabı ilə bağlı texniki problem olduğunu bildiriblər.

İsmayılova telefon danışığını yazıb və iddiaçı audioyazının yer aldığı diski məhkəməyə təqdim edib.

Bank Respublikanın nümayəndəsi etirazını bildirərək, bank əməkdaşının səsinin onun icazəsi olmadan yazıldığını və buna görə qanuni dəlil hesab oluna bilməyəcəyini bildirib.

Buna cavabda hakim dəlillərin qanuniliyini məhkəmənin qiymətləndirəcəyini bildirib.

İsmayılova isə qeyd edib ki, bank da zəng edən müştərilərin səsini yazır.İddiaçının daha bir şahidi – Rasim Rzayev təsdiq edib ki, Cəfərov Kiyevdə həqiqətən də bank kartından istifadə edə bilməyib.

Cavabdehin xahişi ilə məhkəmə dinləmələri oktyabrın 3-nə qədər təxirə salınıb.

Cəfərov avqustun 2-də qanunsuz sahibkarlıq, vergi ödənişindən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə həbs edilib.

O, ittihamları təkzib edir. Amnesty İnternational Cəfərovu “vicdan məhbusu” elan edib.