Prokuror NİDA-çı gəncə 6 il həbs istəyib [Video]

Your browser doesn’t support HTML5

Prokuror məhkəmədən facebook fəalının 6 il həbsini istəyib

Vəkil :Bura Şimali Koreya olmayacaq
İyunun 18-də facebook fəalı Ömər Məmmədovun işi üzrə məhkəmədə dövlət ittihamçısı çıxış edib.

Prokuror Erkin Qafarov məhkəmədən təqsirləndirilən şəxsə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 6 il həbs istəyib. Məmmədov qanunsuz narkotik ticarətində günahlandırılır.

Buna cavabda Məmmədov ona qarşı cinayət işinin siyasi motivli olduğunu bildirib.

Daha sonra vəkil Xalid Bağırov yekun sözlə çıxış edib.

O bildirib ki, təqsirləndirilən şəxsin təqsiri sübuta yetirilməyib. İstintaq prosessual normaların kobud şəkildə pozulması ilə aparılıb.

Xüsusən, Məmmədovun guya narkotik əldə etməsi haqqında əməliyyat məlumatı yoxlanılmayıb. Əməliyyatçılar səlahiyyətlərini aşaraq müstəntiq funksiyalarını öz üzərlərinə götürüblər, əməliyyat tədbiri özü isə məhkəmə qərarı olmadan həyata keçirilib.

Nəhayət, Məmmədov saxlanıldıqdan sonra vəkillə görüşdən məhrum edilib. Buna görə vəkil hüquq-mühafizə orqanlarının özbaşınalığa yol verdiyini bildirib.

“Amma Azərbaycan Şimali Koreya olmayacaq”, deyə vəkil bildirib. Bundan sonra hakim Eldar Mikayılov vəkilə dəfələrə xəbərdarlıq edib.

Sonda vəkil məhkəməni Məmmədova bəraət verməyə çağırıb.

İkinci vəkil – Əlaif Həsənov çıxışa hazır olmadığı üçün onun çıxışı iyunun 28-nə qədər təxirə salınıb.

19 yaşlı Ömər Məmmədov “Axın” Gənclər Hərəkatının rəhbəri, Vətəndaş Həmrəyliyi Partiyasının üzvüdür. Həbsdən sonra NİDA Hərəkatına qayıdıb.

Ö.Məmmədov sosial şəbəkələrdə fəal iştirak edib. Facebook-da “AzTv-dən seçmələr” səhifəsinin ((https://www.facebook.com/pazaztv?fref=ts ) administratoru olub. Burada hakimiyyətin eyiblərini açan karikaturalar, kollajlar, şərhlər yer alıb.