Mehdi Nəimi: Babək Qalası yürüşünün simvolik önəmi var [Audio-Müsahibə]

İran Azərbaycanında hər il yay mövsümümün ikinci həftə sonu keçirilən ənənəvi Babək Qalası yürüşünün 2005-ci ildən bəri sabiq əzəməti yox idi. Türk fəal Mehdi Nəimi Amerikanın Səsi ilə söhbətdə yürüşün təkrar geniş bir şəkildə təşkil olunması istiqamətindəki cəhdləri dəyərləndirir. O, bu yürüşün Milli Hərəkat üçün simvolik önəm daşıdığını önə çəkir.

Your browser doesn’t support HTML5

Mehdi Nəimi Amerikanın Səsinə danışır

Babək Qalası

Mehdi Nəimi deyir, “Babək Qalası bir hərbi bölgəyə çevrildikdən sonra artıq yürüş əvvəlki kimi olmadı və onun yerini başqa aksiyalar doldurdu. Amma bu il Güney Azərbaycanda milli fəalların bir qismi bu qərara gəldilər ki, bu mərasimi təkrar canlandırsınlar. Hesab edirəm ki, onlar bunu simvolik olaraq ayaqda tutmaq istəyirlər.

Babək Qalası yürüşü başqa etiraz metodlarına ilə fərqli ola bilər. O da onun simvolik olmasıdır. İnsanlar müxtəlif bölgələrdən oraya toplanır. Oradakı etiraz səsi bütün Güney Azərbaycanın səsi olur.

2006-cı ilin may ayından bəri müxtəlif zamanlar və münasibətlərdə İran Azərbaycanında təşkil olunan küçə etirazlarına, həmçinin türklərin tələblərinin stadionlarda səsləndirilməsinə işarə edən Nəimi bu etiraz platformlarının hər birinin özünə məxsus funksiyaya malik olduğunu qeyd edir:

“Müxtəlif etiraz metodları bir-biri ilə ziddiyyətdə deyil. Bunların hər birinin öz yeri var. Funksiyaları və xarakterləri fərqlidir”

Onun dediklərinə görə, “Babək Qalası yürüşü başqa etiraz metodlarına ilə fərqli ola bilər. O da onun simvolik olmasıdır. İnsanlar müxtəlif bölgələrdən oraya toplanır. Oradakı etiraz səsi bütün Güney Azərbaycanın səsi olur.”

İran Azərbaycanı və Tehran kimi bölgələrdə türklərin təşkil etdiyi bir çox etiraz aksiyası adətən medianın və ya rəsmilərin “anti-türk” ifadələrinə təpki olaraq ortaya çıxır.

Bəzi fəallar media və rəsmilərə reaksiya olaraq həyata keçirilən kampaniyalar və etirazların həddindən artıq olduğunu önə çəkirlər.

Nəimi isə orijinal faəliyyətlərə daha çox önəm verilməsinin zərurətindən danışır.

Babək Qalası yürüşü - İyul 2003

“Zülm varsa, bir toplum varlığını göstərmək üçün o zülmə etiraz edər... Tənqidlərin bir qismi yerində olan tənqidlərdir. Milli fəalların bu toplumun və coğrafiyanın durumu ilə bağlı hər zaman yeni təhlilləri olmalıdır. O təhlillər üzərində uyğun addım atmalıdırlar. Yoxsa, bir şeylərin baş verməsini gözləmək və sonra onlara reaksiya göstərmək toplumun fəallığını göstərməz” - deyə, Mehdi Nəimi əlavə edir.