“Hakimiyyət baxdı ki, haqlarını tələb edən etniklər və millətlər arasında onlara ən yaxın olanı kürdlərdir. Çünki onlar, kürdcəni İran dillərinin bir qolu sayırlar,” deyə Mehdi Nəimi Amerikanın Səsi ilə söhbətdə ali təhsil ocaqlarında kürd dili və ədəbiyatının tədrisinə yol açan daxili amilləri şərh edib. Bu yaxınlarda prezident Həsən Ruhaninin Kürdüstan vilayətinə səfəri zamanı Kürdüstan Universitetində kürd dili və ədəbiyyatı ixtisasının tədrisinə başlanacağının elan edilməsi ana dilində təhsil haqlarından məhrum edilən Azərbaycan türklərinin diqqətini cəlb edib.
Your browser doesn’t support HTML5
Kürd dili və ədəbiyyatı ixtisası 40 öyrənci alıb və onlara lisans ya bakalavr dərəcəsi verəcək. 2015 universitetə giriş imtahanlarından başarı ilə çıxanların bu ixtisası seçməyə imkanları olacaq.
Mədəni fəal və türk dili müəllimi Mehdi Nəimi Kürd dili və ədəbiyyatının tədrisi ilə bağlı detalları açıqlamaqla bərabər bunun ümumiyyətlə qeyri-fars dillərin universitetlərə daxil olması istiqamətində bir başlanğıc olub-olmayacağını dəyərləndirir.
Türk dili və ədəbiyyatına belə bir imtiyazın verilməyəcəyini düşündüyünü ifadə edən Nəimi eləcə də, kürd dili və ədəbiyyatının tədrisinə yol açan daxili və xarici amillərə toxunub.
“Kürd dili və ədəbiyyatı ixtisası 40 öyrənci alıb və onlara lisans ya bakalavr dərəcəsi verəcək. 2015 konkurundan (İran universitetlərinə giriş imtahanı) başarı ilə çıxanlar bu ixtisası seçməyə imkanları olacaqdır. Ayrıca, kürd dili və ədəbiyyatı vilayətin mərkəzi olan Sənəndəc şəhərinin Azad Bilimyurdunda da 2 vahid dərs olaraq öyrədiləcək. Həmin universitetdə Kürdüstan tanıtım mərkəzi də işə başlayacaq,” deyə ərdəbilli fəal kürd dilinin tədrisi ilə bağlı yeni layihənin detallarını açıqlayır.
Sadəcə İran Azərbaycanı deyil, ölkənin digər bölgələrinin universitetlərində də tələbələrin təşkil etdiyi türk dili siniflərində müəllimlik etmiş Nəimi Türk Dili və Ədəbiyyatı üçün oxşar şəraitin təmin ediləcəyinə inanmadığını ifadə edir.
O, kürd dilinin ali təhsil ocaqlarına daxil edilməsini kürdlər və kürd dili ilə əlaqədar bəzi siyasi və tarixi şərtlərə bağlayır və bu fikrini belə əsaslandırır:
“Hazırda kürd qrupları orta doğuda gündəmdədirlər və bizim bildiyimiz qədər bunların arxasında Avropa və başqa güclər dayanır. Onlar bu qrupları gündəmdə tutmaq və öz siyasətlərini bunların əli ilə yürütmək istəyirlər... Bu qruplar İraq, Suriya və Türkiyədə bəzi imkanlar əldə ediblər.”
Bu haq türklərə bu rahatlıqla verilməyəcək, çünki, türkcə bam-başqa bir dil sayılır, özgə və yad dili kimi görünür... Türklər İran nüfusunun yarısından çoxunu təşkil edir və İslamdan sonra təqribən min illik hakimiyyətləri olmuş. Qorxurlar ki, türklərə bu haqqı qazandırmaq ya vermək bəlkə bir daha onları hakimiyyətə qaytarmaq kimi sayıla... Buna görə də, sarsılmaz bir güc ortaya çıxana qədər ki, indiyə qədər çıxmayıb, türklərə belə bir haqqı tanımayacaqlar.Mehdi Nəimi
Nəimi həmin məsələdə rol oynayan daxili amili belə açıqlayır:
“İranda etniklər və millətlər öz haqlarını əldə etmək üçün ciddi çaba göstərirlər. Hakimiyyət baxdı ki, bu etniklərdən bunlara ən yaxın olanı kürdlər ola bilər. Çünki, onların dili İranic dilərdən hesab edilir və kürd dili üçün verilən bu fürsət əslində İran dillərinin bir qoluna verilən bir fürsət sayılır.”
Ərdəbilli türk dili müəllimi bu kontekstə türklər və türk dilinin fərqli bir mövqedə olduğunu önə çəkir:
“Bu haq türklərə bu rahatlıqla verilməyəcək, çünki, türkcə bam-başqa bir dil sayılır, özgə və yad dili kimi görünür... Türklər İran nüfusunun yarısından çoxunu təşkil edir və İslamdan sonra təqribən min illik hakimiyyətləri olmuş. Qorxurlar ki, türklərə bu haqqı qazandırmaq ya vermək bəlkə bir daha onları hakimiyyətə qaytarmaq kimi sayıla... Buna görə də, sarsılmaz bir güc ortaya çıxana qədər ki, indiyə qədər çıxmayıb, türklərə belə bir haqqı tanımayacaqlar.”
O, kürd fəalların roluna işarə edərək onların fəaliyyət metodları ilə türk fəalların metodlarını müqayisə edir:
“Daxildə kürd fəallar hakimiyyətə yaxınlaşırlar... Amma türk aktivistlərin arasında bir növ küsmək vardır. Bizim fəallar hakimiyyətin o mərkəzi sistemində yer almırlar, hətta onlara yaxın da getmirlər. Bəlkə də, insafla desək, yaxına da almırlar onları. Yəni bunun iki yönü ola bilər, ya bizdə bu qabiliyyət yoxdur ya da hakimiyət tərəfində bizləri yaxına almaq istəyi mövcud deyil.”
Mehdi Nəimi həmçinin Həsən Ruhaninin Azərbaycan vilayətlərində vəd verdiyi “Türk Dil Qurumu” yerinə təsis edildiyi söylənən “Azərbaycan Mədəniyyət, Sənət və Ədəbiyyat Quruluşu” haqda düşüncələrini Amerikanın Səsi ilə paylaşıb. O, bu quruluşda türk dilinə yer verilmədiyini bildirərək türklərin hökümət tərəfindən aldadıldığını söyləyir:
“Azərbaycan quruluşunun əsasnaməsində türk dilindən heç söz edilməyib. Bunu qurumun katibi deyir... Məncə millətin başına böyük bir börk qoyub səslərini qazandılar. Hər halda yenə də bəlkə parlament seçkilərində eyni işi görüb türk millətinin səsini qazanacaqlar... Amma, yenə də bir neçə il keçəcək və heç nə olmayacaq.”