Dmitri Medvedev Mark Zukerberqlə görüşüb

Rusiya baş naziri Facebook şirkətinin təsisiçisi ilə internetdə müəlliflik hüquqları barədə fikir mübadiləsi aparıb
Rusiya baş naziri Dmitri Medvedev Moskva vilayətinin Qorki şəhərciyindəki iqamətgahında Facebook şirkətinin təsisçisi Mark Zukerberqi qəbul edib. Bu, onlar arasında ilk görüş deyil. Dmitri Medvedev və Mark Zukerberq ilk dəfə bir il əvvəl Fransada Böyük Səkkizlərin Dovildə keçirilən sammitində görüşmüşdülər.

Rusiya Baş nazirinin Facebook sosial şəbəkəsində öz səhifəsində Zukerberqlə görüş zamanı çəkilmiş foto-şəkillər yerləşdirilib. Cənab Medvedev görüşdə Rusiyada Facebook istifadəçilərinin sayının 10 milyona çatdığını qeyd edib. Zukerberqin bildirdiyinə görə, onun Moskvaya səfərinin əsas səbəbi də Rusiyada onun təsisçisi olduğu Facebook səhifəsinin istifadəçilərinin sayının artması ilə əlaqədardır.

Zukerberq Rusiya şirkətlərinin istehsal etdiyi yeni texniki məhsulların tələb olunduğu qlobal bir platform yaratmaq istədiyini bildirib. O həmin şirkətlərin nümayəndələrilə görüşüb onları Rusiya istifadəçilərinin bəyənəcəyi texniki məhsullar istehsalına həvəsləndirmək istədiyini deyib.

Zukerberqin Moskvaya gəlişindən öncə Rusiyada sosial şəbəkələrdə bəzi mütəxəssislərin Facebook şirkətində çalışmaq üçün dəvət aldığı haqda məlumatlar verilmişdi. Zukerberqin dünya ölkələrinə səfərinin əsas məqsədi kompyuter proqramlaşdırılması sahəsində müsabiqənin qalibləri arasında istedadlı gənclərin seçilməsindən ibarətdir. Onun olduğu hər şəhərdə keçirilən səkkiz saatlıq müsabiqənin qalibləri San-Fransisko şəhərinə səfər edib Facebook şirkətinin işi ilə tanış olmaq imkanı qazanacaqlar.

Baş nazir Medvedevlə Mark Zukerberq arasında keçirilən görüşün mətbuat üçün açıq hissəsində onlar əsas etibarilə internetdə müəlliflik hüquqları məsələsini müzakirə ediblər. Baş nazirin sözçüsü Natalya Timakovanın görüşdən sonra verdiyi açıqlamaya görə, görüşün bağlı qapılar arasında keçən hissəsində Facebook şirkəti ilə Rusiyada “Skolkovo”da bir sıra kompyuter şirkətləri arasında əməkdaşlığın qurulması məsələsi müzakirə edilib.

Söhbət zamanı Dmitri Medvedin siyasi zarafatı dərhal populyarlıq qazanıb. Baş nazir prezident Obamanın ABŞ-da prezident seçkilərinfə qələbə çalmaq şanslarının həqiqətən çox olduğunu soruşaraq, onun səhifəsini bəyənənlərin sayının Mitt Romninin səhifəsini bəyənənlərin sayından çox olduğunu qeyd edib. Bunun cavabında Mark Zukerberq deyib ki, “like”, “bəyən” düyməsi hazırlananda bunun siyasi elementini heç kəs düşünməmişdi.

Görüşün sonunda isə Mark Zukerberq Dmittri Medvedevə üzərində baş nazirin Facebook səhisəfinin şəkli yerləşdirilmiş mayka hədiyyə edib.

Yaxın zamanlarda Facebook təsisçisi Moskva Dövlət universitetində və digital mərkəzdə mühazirələrlə çıxış etməyi planlaşdırır.

Amerikanın səsinin müxbiri Moskvada “Skolkovo” mərkəzinin kommunikasiya və reklam şöbəsinin müxbiri Aleksandr Çernovla müsahibə zamanı Facebook şirkəti ilə əməkdaşlıq məsələsini müzakirə edib. Çernovun sözlərinə görə, innovasiya mərkəzində 20-dən artıq aparıcı şirkətin nümayəndəliyi var və Facebook bu şirkətlərin sırasına qoşulacaq. O, baş nazirin Facebook təsisçisi ilə dialoqunun əsas etibarilə “Skolkovo” ilə Facebook şirkəti arasında əməkdaşlıq məsələsinə həsr edildiyini düşündüyünü deyib. Çernov deyib ki, Zukerberq “Skolkovo”-da innovasiya layihələrinə əhəmiyyət verməyə bilməzdi, çünki bu, onun maraq dairəsinə daxildir.

Zukerberq Moskvaya işgüzar əlaqələrin genişləndirilməsi məqsədilə dünya ölkələrinə turu çərçivəsində səfər edir. Moskvadan sonra Zukerberq Berlin, Barselona, Buenos-Ayres, San-Paulu və başqa şəhərlərdə olacaq.