Medvedev Ukraynanı hədəfləyən sanksiyaları genişləndirib

Rusiya baş naziri Dmitri Medvedev Moskvanın Ukraynanın hüquqi şəxslərini və fərdlərini hədəfləyən sanksiyalarını genişləndirib.

Medvedev dekabrın 25-də Twitter-də yazıb ki, “Rusiya dövlətinin, şirkət və vətəndaşlarının maraqlarının qorunması naminə” Ukraynaya qarşısanksiyalar siyahısına 200-dək fərd və müəssisə əlavə edilib.

Noyabrın 1-də Rusiya Ukraynanın 322 fərdinə və 68 şirkətinə qarşı “xüsusi iqtisadi tədbirlər” elan edib.

Bu sanksiyalara görə qeyri-nağd hesabların və başqa aktivlərin dondurulması, habelə Rusiyadan kapital transferlərinə qadağan qoyulması daxildir.

Rusiyanın ilkin sanksiya siyahısına daxili işlər naziri Arsen Avakovun, təhlükəsizlik xidmətinin başçısı Vasil Hrytsakın, keçmiş baş nazirlər Yulia Timoşenko və Arseniy Yatsenyukun, habelə Krım tatarlarının lideri Mustafa Cemilevin və keçmiş sağ sektor rəhbəri Dmıtro Yaroşun adları daxil edilmişdi.

Bu siyahı prezident Vladimir Putinin 22 oktyabr tarixli fərmanına əsasən tərtib olunmuşdu.

Putin həmin vaxt demişdi ki, Ukrayna Rusiya şirkət və vətəndaşlarına qarşı məhdudiyyətləri ləğv edərsə, sözü gedən sanksiyalar qaldırıla bilər.

Kiyev Rusiyanın bir sıra şirkət və vətəndaşlarına qarşı sanksiyaları Moskva 2014-cü ildə Krımı ilhaq etdikdən sonra qoyub.