Medvedev: Rusiya Qərbin yeni sanksiyalarına davam gətirə biləcək

Rusiyanın Baş naziri Dmitri Medvedev qanunvericilərə deyib ki, Rusiya Ukraynada böhranla bağlı Qərbin tətbiq etdiyi sanksiyalara davam gətirə bilər.

Televiziya ilə nümayiş etdirilən çıxışında cənab Medvedev Rusiya parlamentinə müraciət edərək, Rusiya vətəndaşlarının siyasi oyunlar və düşmənin fəaliyyətinin girovu olmayacağını deyib.

Baş nazir Rusiya hökumətinin sanksiyaların təsirlərini minimuma endirə biləcəyini və yeni şəraitə uyğun addımlar atacağını deyib. Cənab Medvedev qanunvericiləri əmin edib ki, digər bazarlardan yardım alan Rusiya sənayesi bundan sonra bu yardımı hökumətdən ala bilər.

Cənab Medvedev Rusiyanın Avropa İttifaqı ilə ticarət əlaqələrini azaltmağı planlaşdırmadığını deyib, lakin digər tərəfdaşlarla əməkdaşlıq etməklə Rusiyanın itkilərini azalda biləcəyini qeyd edib.

Birləşmiş Ştatlar Moskvanın Ukraynanın şərqində gərginliyin azaldılması üçün addımlar atmadığı halda, Rusiyaya qarşı daha ciddi sanksiyaların tətbiq edilməsinə hazır olduğunu bildirib.