Mustafa Hacıbəyli ölkə daxilindən sayta girişin bloklanmasının götürülməsini istəyir

Mustafa Hacıbəyli

Noyabrın 26-də Səbail Rayon Məhkəməsində bastainfo.com saytının şikayəti ilə bağlı hazırlıq iclası keçirilib.

Mustafa Hacıbəylinin verdiyi məlumata görə, onlar ölkə daxilindən sayta girişin bloklanmasının götürülməsini istəyirlər.

Onun sözlərinə görə Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs tərəfindən informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi) maddəsi ilə başlanmış cinayət işinin ləğv edilməsi də məhkəmədən istaənilib.

Bu prosesdə şikayətə baxış keçirilib və növbəti iclas noyabrın 30-na təyin edib.

Sayt rəhbəri xatırladıb ki, buna qədər eyni iddia ilə Bakı 1 Saylı İnzibati-İqtisadi Məhkəməsinə müraciət ediblər:

"Amma Bakı 1 Saylı İnzibati-İqtisadi Məhkəməsi bu işi icraata qəbul etmədi. Bundan sonra Bakı Apellyasiya Məhkəməsinə müraciət etdik, o da bizim istəyimizi geri çevirdi. Odur ki, Səbail Rayon Məhkəməsinə üz tutduq".

Bu il iyulun 7-də Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumata görə, 2018-ci il iyulun 3-də Rusiya vətəndaşı Yunis Səfərovun Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis əməkdaşı Qasım Aşbazova qarşı törətdiyi terror aktı ilə əlaqədar bəzi KİV-lərin vəzifəli şəxsləri, həmçinin ayrı-ayrı şəxslər tərəfindən internet informasiya resursları vasitəsilə həqiqətə uyğun olmayan təxribat xarakterli məlumatlar yayılıb.

Fakt üzrə Cinayət Məcəlləsinin 214-2-ci (terrorçuluğa açıq çağırışlar), 281.1-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar), 313-cü (vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs tərəfindən informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi) maddələri ilə cinayət işi başlanıb.

Prokurorluq “bastainfo.com” və digər bir neçə internet saytlarının internet informasiya ehtiyatına müraciətlərin məhdudlaşdırılması və digər məhdudiyyətlərin tətbiqi sahəsində müvafiq tədbirlərin görülməsi üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət edib.

Sentyabrda Bakı 1 saylı İnzibati-İqtisad Məhkəməsi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciəti əsasında hakim Elçin Məmmədovun sədrliyi ilə bastainfo.com saytının bloklanması barədə qərar çıxarıb.

Bastainfo.com saytının rəhbəri Mustafa Hacılı və saytın əməkdaşları dəfələrlə prokurluqda dindirilib.