Artıq üç gündür ki, Kanal13.tv internet televiziyasının əməkdaşı İsmayıl İslamoğlunun barəsində məlumat yoxdur. O, oktyabrın 26-da Kana13.tv televiziyasının ofisindən çıxıb və hələ də taleyindən xəbər yoxdur.
Kanal13.tv-dən Amerikanın Səsinə bildiriblər ki, İsmayıl İslamoğlu oktyabrın 26-da işdən çıxdıqdan sonra yaşadığı evə gedib çatmayıb.
“Jurnalistin harada olması barədə hələ də xəbər öyrənə bilməmişik. Daxili İşlər Nazirliyinin “102 Zəng Mərkəzi”nə məlumat verilib, lakin hələ cavab verməyiblər. Ailə üzvləri də İslamoğlu barədə hər hansı məlumata malik deyil”, Kanal13.tv-dən Amerikanın Səsinə bildiriblər.
İsmayıl İslamoğlunun anası Tamara Nadirli Amerikanın Səsinə müsahibəsində oğlu ilə bağlı ailəsinə hər hansı məlumat verilmədiyini bildirib.
“Hüquq mühafizə orqanlarına məlumat vermişik. Onlar da axtarır. Hələ ki, bizə hər hansı məlumat verilməyib”, o qeyd edib.
Your browser doesn’t support HTML5
Vəkil Bəhruz Bayramov da bu gün ərzində onun saxlandığı yeri müəyyən edə bilməyib.
“Məhkəmələrlə əlaqə saxladım, bildirdilər ki, bu şəxsin barəsində inzibati həbs və ya başqa tədbirlə bağlı hər hansı qərar yoxdur”, vəkil qeyd edib.
Hüquq-mühafizə orqanları İsmayıl İslamoğlu ilə bağlı hələ hər hansı rəsmi məlumat yaymayıb.
Jurnalist sosial şəbəkələrdə fəallığı ilə tanınır. O, oktyabrın 18-də Facebook səhifəsində yazıb ki, hər hansı bir ittihamla şərlənib həbs olunması an məsələsidir.
“Artıq evimizə gəlib axtarışa başlayıblar. Bir neçə dəqiqə əvvəl evimizə gəlib israrla mənimlə maraqlanıb, harada işlədiyimi, nə işlə məşğul olduğumu soruşublar. Bir neçə gündür yaxın dostlarımdan başqa heç kimə demədiyim şeylər var ki, çox da yazıb ictimailəşdirmək istəmirdim.
1. Neçə gündür izlənilirəm
2. Cibimə GPS də yerləşdirdilər, ancaq vaxtında ayıq-sayıq davrandım
3. Tanımadığım şəxslər tərəfindən hədə qorxu gəlinirdi mənə
4. İndi də məni rayonda soraqlaşmağa başlayıblar.
Buradan elan edirəm, cibimdən özüm ağırlıqda silah, sursat, narkotik falan çıxsa ya da yolda ünvansız söyüş zad, polisə müqavimət adı ilə falan həbs olunsam, bilin ki, hakimiyyətin azad sözə, azad mətbuata qarşı növbəti repressiyasıdır”, o qeyd edib.
İslamoğluna sosial şəbəkələrdə sərt tənqidinə görə bu il iyulun 27-də xəbərdarlıq edilib. O, Bakı Şəhər Baş Polis İdarəsinə aparılıb. Müğənni Zara Mqoyanın da dəvət olunduğu “Jara” festivalı ilə bağlı statusuna görə üç saat polisdə saxlanılıb, xəbərdarlıq edilərək azad buraxılıb.