Hüquq müdafiə təşkilatları Emin Hüseynovla bağlı Avropa Məhkəməsinə müraciət edib

Emin Hüseynov

Jurnalistləri Müdafiə Komitəsi digər beynəlxalq QHT-lərlə birlikdə azərbaycanlı jurnalist və hüquq müdafiəçisi Emin Hüseynovun hüquqi şikayətinin dəstəklənməsilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə amicus curiae brief (kənar müdaxilə) təqdim edib.

Amicus curiae brief (kənar müdaxilə) beynəlxalq məhkəmə instansiyalarında yayılmış hüquqi institut, məhkəmənin diqqətini işə aidiyyatı olan rəyə cəlb etməklə ona yardım göstərilməsini nəzərdə tutur.

Əsasən JMK-nın təşəbbüs göstərdiyi sənədi International меdia support (Mediaya beynəlxalq dəstək), IFEX (Söz azadlığının müdafiəsi üzrə beynəlxalq assosiasiya) və International Senior Lawyers Project (Aparıcı hüquqşünasların beynəlxalq layihəsi) dəstəkləyib.

İsveçrədə mühacirətdə olan Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun direktoru Emin Hüseynov 2015-ci ildə Avropa məhkəməsinə şikayət verib. Şikayətdə qeyd olunur ki, hakimiyyətin hərəkətlərini tənqid etməsinə cavab olaraq Azərbaycan hökuməti qanunsuz olaraq onu vətəndaşlıqdan məhrum edib.

Müraciətdə qeyd edilir ki, vətəndaşlıqdan məhrumetmə AİHM üzvü ölkələri arasında "jurnalistlər üçün ən pis həbsxanalardan" biri olan Azərbaycanda siyasi təqiblər və narazıların səsini batırmaq üçün alət kimi istifadə olunur.

"Azərbaycan dünyada jurnalistlər üçün ən pis həbsxanalardan biridir. Hakimiyyətin jurnalistlərə və KİV fəallarına, o cümlədən Emin Hüseynov və onun qardaşı, jurnalist fəaliyyətinə görə hazırda həbsdə olan Mehmana qarşı istifadə etdiyi repressiv metodlar beynəlxalq mühakiməyə verilməlidir. Məhkəmə Emin Hüseynovun xeyrinə qərar qəbul etməlidir və azadlıqdan məhrumetmə kimi vasitələrin köməyilə tənqidi səsləri susmağa məcbur etməklə amansız davranışa üzv dövlətlərin dözməyəcəyilə bağlı siqnal göndərməlidir", - CPJ-nin Avropa və Mərkəzi Asiya üzrə əməkdaşı Gülnoza Səid bildirib.

Azərbaycan hökunəti ölkədə fundamental insan azadlıqlarının tam təmin edildiyini bildirir. Dövlət rəsmiləri insanların qanun qarşısında bərabər olduğunu, fikir, söz, media, toplaşmaq azadlığına görə təqiblərin olmadığını bəyan edir.

Bununla yanaşı yerli hüquq müdaifə təşkilatları ölkədə 160 siyasi məhbusun olduğunu bildirir. Amnesty İnternational təşkilatı Azərbaycanda ondan çox insanı "vicdan məhbusu" elan edib.