Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı Amerikanın Səsinə müsahibəsində Türkiyə seçkilərində medianın rolundan danışıb.
Amerikanın Səsi: Türkiyə seçkilərində media və sosial şəbəkələrin rolunu qısaca necə təhlil edərdiniz?
Türkiyədə sosial media ilə müqayisədə ənənəvi media xüsusilə, televiziya daha əhəmiyyətli rola malikdir.
Araz Aslanlı: Ümumiyyətlə, Türkiyədə seçkilərdə daim media əhəmiyyətli rola malik olub. Ən azı çoxpartiyalı sistemə keçdikdən bu günə qədərki mərhələdə yazılı media, sonra elektron media, daha sonra sosial medianın əhəmiyyəti mütəmadi olaraq artıb. Bu seçkilərdə də təbii ki, belə oldu. Siyasi partiyalar və liderlər elektoratla işləmək üçün əslində bir neçə vasitədən istifadə edirlər. Bunlardan biri, Türkiyədə buna birə-bir görüşmək və ya qapı-qapı gəzmək deyirlər. Vətəndaşların evinə gedib bir-bir fikirlərini çatdırmaq. İkincisi, mitinqlər vasitəsilə fikirlərini çatdırmaq. Üçüncü, mediadan istifadə etmək. Media bu üç vasitədən biridir. Şübhəsiz ki, media seçkilərin taleyi baxımından əhəmiyyətli rol oynayır. Amma Türkiyədə sosial media ilə müqayisədə ənənəvi media xüsusilə, televiziya daha əhəmiyyətli rola malikdir. Onu da bu seçkilərdə görmək oldu.
Amerikanın Səsi: Namizədlər ənənəvi media və sosial şəbəkələrdə təbliğat və təşviqat işlərini necə qurmuşdu? Hansı namizədlər, partiyalar müasir seçki texnologiyalarına daha çox üstünlük verirdi?
Məhərrəm İncə daha çox yüksək texnologiyalardan istifadə edib. Ərdoğanın, AK Partiyanın təbliğində yeni texnologiyaların özünəməxsus yeri olub.
Araz Aslanlı: Mənim 1992-ci ildən sonra Türkiyəni şəxsən müşahidə etmək imkanım olub. Daim ən müasir texnologiyalardan istifadə etməyə çalışırlar. Dövrün trendi nədirsə, ondan həm vasitə kimi, həm metod kimi istifadə edirlər. Daha doğrusu, bu trend praktiki nəticələr yaradırdısa ondan istifadə edirlər. Bəzən komik, bəzən dramatik xarakterli reklam çarxları çəkirlər. Amma bütün hallarda namizədlərin uğuruna xidmət etməyə çalışan vasitələrdən istifadə etməyə çalışırlar. Son dövrlərdə bir çox mütəxəssislərə görə, Məhərrəm İncə daha çox yüksək texnologiyalardan istifadə edib. Ərdoğan, AK Partiyanın təbliğində yeni texnologiyaların özünəməxsus yeri olub. Yeni partiya kimi İyi Partiyanın da müasir texnologiyalardan istifadə elədiyi və müəyyən uğur əldə etdiyi qeyd olunur.
Amerikanın Səsi: Elektorat daha çox hansı təbliğat üsullarını qəbul edir?
Elektoratın önəmli bir qisminin, stabilləşmiş, “betonlaşmış” şəkildə mövqeyi var. Amma birə-bir işləmək və TV-nin mövqeyi, məncə, bu ikisi daha əhəmiyyətli oldu.
Araz Aslanlı: Əslində Türkiyədə elektoratla bağlı belə bir məsələ var ki, elektoratın əhəmiyyətli bir hissəsinin mövqeyi stabildir. Deyək sağçılar, solçular və ya AK Partiyası, CHP-çilər və ya MHP-in əhəmiyyətli bir hissəsi. Mövqelər stabildir. Yəni, lider heç bir təbliğat aparmasa da müəyyən səs alır. MHP demək olar ki, mitinq keçirmədi. Seçki təbliğatlarından az istifadə etdi. Rəy sorğularında düşünüləndən daha çox səs aldı. Çünki Türkiyədəki seçici seçki texnologiyalarına çox adekvat reaksiya vermir. Elektoratın önəmli bir qisminin, stabilləşmiş, “betonlaşmış” şəkildə mövqeyi var. Amma birə-bir işləmək və TV-nin mövqeyi, məncə, bu ikisi daha əhəmiyyətli oldu. Stabil mövqelər onsuz da partiyalarda var idi. Amma dəyişə biləcək mövqelər baxımından nəticələr bunu göstərir ki, bir TV-nin əhəmiyyəti çox böyük olub. İkincisi birə-bir, yəni, evə getmə təbliğatının rolu daha çox olub.
Amerikanın Səsi: Türkiyə seçkilərində ənənəvi media və sosial şəbəkələrin rolunu Azərbaycan üçün nümunə saymaq olarmı? Azərbaycan Türkiyə təcrübəsindən nələri öyrənə bilər?
Türkiyə təcrübəsi hər şeyi ilə uğurlu deyil. Müsbət nümunələr təbii ki, var.
Araz Aslanlı: Türkiyə təcrübəsi hər şeyi ilə uğurlu deyil. Müsbət nümunələr təbii ki, var. Əvvəlki dövrlərdə davam edən müsbət nümunələr də var. Yeni dövrdə qazanılmış müsbət nümunələr də var. Guya Türkiyədə medianın monopoliyalaşması ilə bağlı müəyyən tənqidlər var idi. Amma buna baxmayaraq, müxalifətin namizədləri də TV-lərdə canlı verilişlərə çağırıldı. Uzun vaxtlar ayrıldı. Düzdür, dövlət TV-si ilə bağlı tənqidi məqamlar var idi. Amma ümumilikdə, müsbət təcrübələr var idi ki, Azərbaycan mediası da bunu nümunə kimi götürə bilər. Ümumilikdə, Türkiyə nümunəsindən Azərbaycan siyasi mübarizəsində istifadə etmək olar. Sosial medianı da götürsək, düzdür, bizdə də Türkiyədəki kimi sosial mediada rəqabət imkanları daha genişdir. Amma yenə də texnologiya baxımından daha müsbət, daha cəlbedici, daha təsirli texnologiyalar baxımından Türkiyə təcrübəsini götürmək olar.