Azərbaycan Xarici İşlər Nazirliyi bəzi xarici KİV-lərin Dağlıq Qarabağa Ermənistanın baş naziri Nikol Paşinyanın brifinqinə getməsinə etiraz etməyib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, bəzi beynəlxalq KİV-lər (Assosiated Press, France Press və Financial Times) Azərbaycan Xarici İşlər Nazirliyinə rəsmi sorğu ilə müraciət edərək Qarabağa səfərə icazə verilməsini xahiş edib.
"İcazə üçün müraciət etməyən digər KİV nümayəndələrinin Qarabağa səfərinə Bakının reaksiyası necə olacaq" sualının cavabında H.Hacıyev deyib ki, məsələ öyrəniləcək və belə hərəkətlərə qiymət veriləcək.
“Ümidvarıq ki, bu səfər əsnasında beynəlxalq KİV nümayəndələri Azərbaycanın işğal olunmuş Laçın rayonu və Dağlıq Qarabağ bölgəsi ilə hərəkət edərək bu ərazilərin köklü azərbaycanlı sakinlərinə qarşı işğal nəticəsində törədilmiş etnik təmizləmə və onların mülkiyyətinin, Azərbaycan xalqına məxsus maddi-mədəni irsin talan edilməsi ilə yerindəcə tanış ola biləcəklər. Biz xarici KİV nümayəndələrinə bu səfər əsnasında tamamilə viran edilmiş Ağdam, Cəbrayıl, Füzuli və digər rayonlara da getməyi tövsiyə edirik. Amma təcrübə göstərir ki, Ermənistan tərəfi onların Xankəndidən kənara çıxmasına imkan verməyəcək”, Hacıyev qeyd edib.