CPJ Ukrayna hakimiyyətini azərbaycanlı jurnalistin Niderland pasportunu qaytarmağa çağırıb

Mərkəzi qərargahı Nyu-Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi (CPJ) Ukrayna hakimiyyətini azərbaycanlı jurnalistin Niderland pasportunu qaytarmağa çağırıb.

Aprelin 4-də yaydığı bəyanatda CPJ Kiyev Vilayət Prokurorluğunu Fikrət Hüseynlinin hərəkət azadlığına dair məhkəmənin qərarına əməl etməyə səsləyib.

“Ukrayna Azərbaycanın avtoritar rejiminin tələblərinə boyun əyməməlidir. Bu rejim ölkə daxilində və xaricindəki tənqidçilərini təqib etməkdə ad çıxarıb”, CPJ-nin Avropa və Orta Asiya üzrə proqram koordinatoru Nina Ognianova deyib.

CPJ

Aprelin 2-də Kiyev məhkəməsi qərar çıxarıb ki, jurnalist Azərbaycana ekstradisiya olunmamalıdır, onun hərəkəti də məhdudlaşdırılmamalıdır.

Məhkəmə qərarından öncə Kiyev Vilayət Prokurorluğunun prokuroru Serhiy Ostapets məhkəmə katibindən Hüseynlinin pasportunu alıb və məhkəmənin qərarını gözləmədən zalı tərk edib. Bunu Ukrayna Helsinki İnsan Haqları Birliyi bildirib.

Aprelin 2-də Kiyevin Piçerski rayon Məhkəməsi jurnalist Fikrət Hüseynlinin ektradisiyası ilə bağlı Kiyev Vilayət Prokurorluğunun yoxlamasının dayandırılması və jurnalistin pasportunun qaytarılması barədə qərar qəbul edib. Məhkəmə Hüseynlinin Ukraynanı tərk etməsinə icazə verib.

Bununla yanaşı, jurnalist Kiyev Vilayət Prokurorluğunun və Ukrayna Prokurorluğunun onun pasportunu qaytarmadığını deyib.

Fikrət Hüseynli 2017-ci il oktyabrın 14-də Kiyevdən Düsseldorfa uçarkən Azərbaycanın İnerpol xətti ilə sorğusu əsasında saxlanılıb. Azərbaycanda o, dələduzluq və sərhədi qanunsuz keçməkdə ittiham olunur.

Oktyabrın 18-də Ukraynanın Borispol Şəhər Məhkəməsi onun Azərbaycana ekstradisiyası məsələsinə baxmaq üçün 18 gün müddətinə həbs edib.

Oktyabrın 27-də Kiyevin Lukyanovski Məhkəməsi Ukrayna Ali Radasının deputatı Mikola Knyajitskinin və ictimai xadim Boris Zaxarovun zaminliyi ilə Fikrət Hüseynlini azad edib. Eyni zamanda məhkəmə dövlət ittihamçısının Fikrət Hüseynlinin Azərbaycana ekstradisiyası haqqında vəsatətini təmin etməyib.

Kiyev Vilayət Prokurorluğu Fikrət Hüseynlinin azad edilməsindən apellyasiya şikayəti verib və onun həbs edilməsini tələb edib.

Protest üzrə məhkəmə yanvarın 17-də başlayıb, ancaq 4 dəfə təxirə salınıb. Nəhayət, fevralın 13-də məhkəmə ekstradisiyadan imtina edib.

Bununla yanaşı, 2018-ci il yanvarın 12-də Azərbaycanın baş prokuroru Zakir Qaralov Ukrayna baş prokuroru Yuri Lutsenkoya jurnalist Fikrət Hüseynlinin ekstradisiyasının ləngidilməsindən narahatlığını bildirən məktub göndərib.

Məktuba qoşmada Fikrət Hüseynli və Saakaşvilinin birgə ağ-qara şəkli əlavə edilib.

Martın 5-də axşam saatlarında Kiyev şəhərində jurnalist Fikrət Hüseynlinin yaşadığı evə basqın olub. Lakin jurnalist qaça bilib.

Prokurorluğun müraciəti əsasında məhkəmə jurnalistin sənədlərinin ekstradisiya ilə bağlı yoxlanılması üçün prokurorluğa dəfələrlə vaxt verib. Nəhayət son məhkəmə iclası aprelin 2-də olub və prokurorluğun sənədlərin ekstradisiya üçün yoxlanılmasına son verilməsi qərarını qəbul edib.

Çoxsaylı beynəlxalq təşkilatlar, o cümlədən Ukrayna hüquq müdafiə təşkilatları Fikrət Hüseynliyə qarşı təqiblərin dayandırılması və dərhal vətəndaşı olduğu Niderlanda yola salınması xahişi ilə Ukrayna hökumətinə müraciət edib.

Fikrət Hüseynli yaxın zamanda Kiyev Vilayət Prokurorluğnunda ona qarşı olan qanunsuzluqlar, qanunsuz saxlanılması müddətində dəymiş maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlı məhkəməyə mürtaciət edəcəyini bildirib.