Fevralın 8-də həbsdə olan jurnalist Əfqan Muxtarlı bacısının 40 mərasimində iştirak etmək üçün müvəqqəti evə buraxılıb.
Əfqan Muxtarlının yaxınlarının 40 mərasimi fevralın 8-dədir. Vəkil Nemət Kərimli Əfqan Muxtarlının yaxınlarının yas mərasimində iştirakından ötrü Penitensiar Xidmətin Baş İdarəsinə müraciət etmişdi.
Ötən il dekabrın 31-də Əfqan Muxtarlının bacısı, bacısı uşağı və qardaşı uşağının mənzildə meyitlərinin tapıldığı haqda məlumat yayılmışdı.
Hüquq mühafizə orqanlarının ilkin ehtimalına görə, ölümlər dəm qazından baş verib.
Hadisənin Zaqatala şəhəri Hacı Zeynalabdin Tağıyev küçəsi bina 2, mənzil 14 ünvanında baş verdiyi açıqlanıb.
Həmin ünvanda kirayədə yaşayan Zaqatala rayonu Aşağı Tala kənd sakini Nuranə Sabir qızı Muxtarlının, onun bir azyaşlı övladının və qardaşı Ramazanın azyaşlı övladının meyitləri aşkar edilib.
Hadisə baş verən zaman mənzildə Nuranə Muxtarlının daha bir azyaşlı övladı olub, o, sağ qalıb.
Zaqatala rayon hüquq-mühafizə orqanları hadisə yerində araşdırma aparıblar. Meyitlər tibbi müayinə olunmaqdan ötrü Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə aparılıb. Araşdırmadan sonra ölümlərin səbəbinin məlum olacağı açıqlanmışdı.
Faktla bağlı Zaqatala rayon Prokurorluğunda araşdırma aparıldığı bildirilirdi.
Xatırlatma
Jurnalist Ə.Muxtarlı ötən il mayın 29-u oturum izini aldığı Gürcüstandan zorla Azərbaycana gətirildiyini deyir. Jurnalist Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət və ya zor tətbiq etmədə ittiham olunub.
Bundan başqa, ona 318.1, 206.1 maddələr ilə - sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb.
Bakıda rəsmi qurumlar iddia edib ki, Ə.Muxtarlı sərhədi qanunsuz keçərkən Azərbaycan ərazisində saxlanıb və bu məsələnin siyasiləşdirilməsi düzgün deyil.
Bu ilin yanvarında o, məhkəmənin qəararı ilə 6 il həbs cəzası alıb.
Ə.Muxtarlı ittihamları rədd edərək, həbsini "siyasi sifariş" adlandırıb.
Ə.Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. Ə.Muxtarlı son illər Tbilisidə Azərbaycan hakimiyyətinin əleyhinə keçirilən aksiyalarda da fəal iştirak edirdi. O, bir sıra araşdırma yazılarının da müəllifi idi.
Ə.Muxtarlı ilə bağlı Gürcüstanda da istintaq aparılır. İş əvvəlcə bu ölkənin Daxili İşlər Nazirliyində olub, sonra prokurorluğa verilib. Gürcüstan baş naziri və daxili işlər naziri Ə.Muxtarlı olayında yerli hüquq-mühafizə orqanlarının iştirakını təkzib edib. Bununla belə, istintaq yekunlaşana qədər Daxili İşlər Nazirliyi və gömrükdə iki şəxs tutduğu vəzifədən uzaqlaşdırılıb.