RATİ Mehman Hüseynov və Əziz Orucovun həbsdən azad edilməsini tələb edir

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) Azərbaycanın internet tənqidçiləri - bloger Mehman Hüseynova və Kanal 13 internet televiziyasının rəhbəri Əziz Orucova qarşı çıxarılmış hökmlərə görə Azərbaycan hakimiyyətini qınayır. Təşkilat Hüseynov və Orucovun həbsdən dərhal azad edilməsini tələb edir.

2017-ci il mayın 2-dən vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə həbsdə olan jurnalist Əziz Orucov 2017-ci il dekabrın 15-də altı il həbs cəzasına məhkum edilib. Eyni gündə Apellyasiya Məhkəməsi RATİ İdarə Heyətinin sədri Mehman Hüseynova qarşı birinci instansiya məhkəməsi tərəfindən 2017-ci il martın 3-də diffamasiya ittihamı ilə çıxarılmış iki il həbs cəzasını qüvvədə saxlayıb.

“Mehman Hüseynovun və Əziz Orucovun həbsləri Azərbaycanda fəaliyyət göstərən sosial şəbəkələri zəiflətmək məqsədi daşıyır”, RATİ-nin bəyanatında bildirilir.

Hakimiyyət xaricdə yaşayan onlayn tənqidçiləri təqib edə bilmədikdə, onların yaxın qohumları qurbana çevrilir.

İlin əvvəllərindən yerli və beynəlxalq müstəqil KİV-lər məhkəmə qərarı olmadan bloklanıb.

Müstəqil KİV-lərə hücumlar, rejimin məşhur tənqidçilərinin hesablarının icazəsiz ələ keçirilməsi halları davam edir.

Əhalinin siyasi cəhətdən aktiv və etirazçı seqmentləri arasında qorxu və paranoya yaratmaq məqsədilə süni intellektdən istifadə olunması ilk dəfə açıq şəkildə müşahidə edilib, dezinformasiya və saxta xəbərlərin yayılması və hökumətin təbliğatının aparılması ilə məşğul olan muzdlu troll ordusu əhəmiyyətli dərəcədə genişlənib, onlayn mühit vasitəsilə tənqidçilərə edilən anonim və açıq təhdidlərin sayı artıb.

Bütün bunlar fonunda RATİ Microsoft Google və Facebook kimi qlobal informasiya texnologiyası (İT) nəhənglərinin Azərbaycanın İT infrastrukturuna investisiya qoymasını, öz regional serverlərini bu ölkədə yerləşdirməsini və həmin serverləri son benefisiarları yüksək səviyyəli korrupsioner məmurlar və ya onların yaxın qohumları olan data-mərkəzlərin bazasında qurmasını təəccüblə qarşılayır. Hər üç mobil operatorun və ən böyük data-mərkəzlərin prezidentin qohumlarına və yaxınlarına məxsus olduğu bir ölkədə yuxarıda qeyd edilən iki əsas provayderin birgə biznesinə başlamaqla, dünyanın İT nəhəngləri təkcə əsas insan hüquqlarını sistemli şəkildə pozan korrupsioner məmurların qeyri-qanuni varlanmasına dolayı töhfə vermir, həm də beynəlxalq anti-korrupsiya razılaşmalarını və öz qərargahlarının yerləşdiyi Qərb ölkələrinin qanunvericiliyini pozur.

RATİ özəl investorları Azərbaycanın İKT sektorunda iştirakla bağlı planlarını yenidən nəzərdən keçirməyə çağırır. Təşkilat investorları, ilk addım olaraq, öz serverlərinin ölkənin ərazisində fiziki yerləşdirilməsindən çəkinməyə çağırır.

RATİ Azərbaycanın hökumət qurumlarına qarşı internet istifadəçilərinin hüquqlarını pozmağa və məhdudlaşdırmağa imkan verən avadanlıq və proqram təminatı satılmasını qadağan edən sanksiyalar tətbiq etməyə çağırır.

Rati demokratiya və insan hüquqlarının qorunmasına dair öz üzərinə öhdəlik götürmüş Qərb ölkələrinin hökumətlərini öz ərazilərinə Azərbaycanın repressiyada rolu olan korrupsioner məmurlarının daxil olmasının qadağan edilməsi və onların xarici aktivlərinin həbsi ilə bağlı fərdi sanksiyaları tətbiq etməyə başlamağa çağırır.

RATİ hakimiyyəti söz azadlığına hücumların qurbanı olan qanunsuz olaraq həbs edilmiş bütün şəxsləri dərhal və qeyd-şərtsiz azad etməyə çağırır.

Öz növbəsində, rəsmi Bakı ölkədə internet və media azadlığını tam təmin etdiyini bəyan edir. Dövlət rəsmiləri hətta qabaqcıl Avropa ölkələrini internet azadlığı ilə bağlı Azərbaycanın nümunəsindən istifadəyə çağırır. Eyni zamanda hökumət ölkədə insanların hüquq qarşısında bərabər olduğunu, heç kimin fikrinə və ifadəsinə görə həbs edilmədiyini bəyan edir.

Bununla yanaşı, yerli hüquq müdafiəçiləri ölkədə yüz əllidən çox insanı siyasi məhbus kimi tanıyıb, hansı ki, onların ondan çoxu həbsdə olan jurnalistlər və blogerlərdir. Amnesty İnternational (Beynəlxalq Əfv) təşkilatı Azərbaycanda ondan çox insanı “vicdan məhbusu” elan edib.