AŞPA məruzəçisi jurnalistin Kiyevdə saxlanılmasından narahatdır

Fikrət Hüseynli

Avropa Şurası Parlament Assambleyasının İnterpolda qanun pozuntuları məsələləri üzrə xüsusu məruzəçisi Bernd Fabritius Ukraynada saxlanılan jurnalist, Niderland Krallığının vətəndaşı Fikrət Hüseynli ilə bağlı bəyanatla çıxış edib.

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) saytında (http://assembly.coe.int/nw/xml/News/News-View-EN.asp?newsid=6845&lang=2&cat=5) yayılan bəyanatında məruzəçi jurnalistin həbsindən dərin narahatlıq keçirdiyini bildirir.

“Mən AŞPA-nın İnterpol xətti ilə siyasi məqsədlərlə məsuliyyətə cəlb edilərək cəzalandırılan jurnalistlərin və siyasətçilərin məsələsini araşdıran şəxs kimi son zamanlarda baş verən hadisələrdən dərin narahatlığımı bildirirəm. Təəssüf ki, bir neçə gün əvvəl azərbaycanlı jurnalist, Niderland Krallığının vətəndaşı Fikrət Hüseynlini Ukraynada həbs ediblər. Bu dəfə də bu iş İnterpol xəttilə edilib.

Mənim məruzəm əsasında AŞPA qətnamə qəbul edib və həmin qətnamədə bəzi avtoritar rejimlərin İnterpoldan alət kimi sui-istifadə edərək müxalifətçiləri cəzalandırmasına son qoyulması tələb edilir. Son hadisələr də göstərir ki, bu tələbin yerinə yetirilməsi çox vacibdir”, sənəddə qeyd edilir.

F.Hüseynli oktyabrın 14-də Kiyevdən Düsseldorfa gedərkən Borispol hava limanında Ukrayna Sərhəd Xidməti tərəfindən Azərbaycanın sorğusu ilə İnterpol-un "qırmızı bildirişlər" sisteminə daxil edilmiş axtarış əsasında saxlanılıb. O, Azərbaycan Cinayət Məcəlləsinin dələduzluq və sərhəddi qanunsuz keçmək maddələri ilə ittiham olunur.

Oktyabrın 18-də Ukraynanın Borispol Şəhər Məhkəməsi azərbaycanlı jurnalistə 18 sutka həbs verib.