Azel.tv saytının təsisçisi və redaktoru Əfqan Sadıqov 17 saylı Cəzaçəkmə Müəssisəsində cərimə kamerasına (kars) salınıb.
Bu barədə hüquq müdafiəçisi Oktay Gülalıyev məlumat yayıb.
O.Gülalıyev bildirib ki, Ə.Sadıqov 15 gün müddətə "kars"a salınıb. Onun artıq bir neçə gündür cərimə kamerasında saxlandığı bildirilir.
Hüquq müdafiəçisi bunu Ə.Sadıqovun cəzaçəkmə müəssisəsində yazdığı və mətbuatda dərc olunan tənqidi fikirləri ilə izah edib.
Ancaq Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində (PX) Ə.Sadıqovun cərimə kamerasına salınmasını onun daxili qaydaları pozması ilə izah edirlər.
"Məhbus Əfqan Sadıqovun cəza çəkdiyi 17 saylı Cəzaçəkmə Müəssisəsində cərimə kamerasına salınması daxili intizam qaydalarını pozması, müəssisə əməkdaşlarına qarşı kobud davranışı ilə bağlıdır". Bunu Penitensiar Xidmətin mətbuat xidmətinin rəhbəri Mehman Sadıqov bildirib.
M.Sadıqovun deməsinə görə, Ə.Sadıqovun karsa salınmasının onun jurnalist fəaliyyətinə heç bir aidiyyəti yoxdur.
"Bu şəxsin 15 gün müddətinə "kars"a salınması heç də, onun dediyi kimi, jurnalist fəaliyyəti və ya nəsə yazması ilə bağlı deyil. Bu iddianın özü əsassızdır".
Penitensiar Xidmət rüşvətlə bağlı deyilənləri də böhtan, uydurma sayır.
Azel.tv saytının təsisçisi və redaktoru Ə.Sadıqov 2016-cı il noyabrın 22-də saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 127.2.3-cü (xuliqanlıq niyyəti ilə təhlükəli üsulla sağlamlığa qəsdən az ağır ziyan vurma) maddəsi ilə ittiham irəli sürülüb.
2017-ci il yanvarın 12-də Cəlilabad Rayon Məhkəməsi Ə.Sadıqovu 2 il yarım müddətinə azadlıqdan məhrum edib.
Hüquq müdafiə təşkilatları onun adını siyasi məhbuslar siyahısına daxil edib. Yerli hüquq müdafiəçiləri onun rayonda tənqidi yazılarına görə şərlənərək həbs edildiyini düşünür.
Bu açıqlamalara hələlik Cəlilabad Rayon İcra Hakimiyyətindən hər hansı münasibət almaq mümkün olmayıb.