Mehman Əliyevin vəkili apellyasiya şikayəti verib

Sentyabrın 7-si «Turan» İnformasiya Agentliyinin (İA) həbsdə olan direktoru Mehman Əliyevlə bağlı Yasamal Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verilib.

Bu barədə vəkil Fuad Ağayev məlumat yayıb.

Müdafiə tərəfi Yasamal Rayon Məhkəməsinə girov əvəzində M.Əliyevin ev dustaqlığına buraxılması ilə bağlı vəsatət vermişdi.

Həmin vəsatətdə M.Əliyevin tutulmasının əsassız olduğu bildirilirdi. Sentyabrın 6-sı Yasamal Rayon Məhkəməsində vəsatətə baxılıb və o, təmin edilməmişdi.

M.Əliyev özü də məhkəmədə çıxış etmişdi. Vəkilinin vəsatətini müdafiə edən M.Əliyev bildirmişdi ki, həbsindən əvvəl də dəfələrlə şifahi şəkildə istintaqa çağırılıb və hər dəfə də gedib ifadə verib. Həbs olunan gün isə istintaq orqanına onu telefon zəngi ilə çağırıblar.

Hakim isə bu deyilənləri nəzərə almamışdı.

Bu apellyasiya şikayətində həmin qərara etiraz bildirilir.

Vəkil sentyabrın 6-da keçirilən prosesdən sonra bildirmişdi ki, qərardan apellyasiya şikayəti veriləcək. Əgər Bakı Apellyasiya Məhkəməsi də şikayəti təmin etməsə, bu işi Avropa İnsan Hüquqları Məhkəməsinə göndərəcəklər.

Mehman Əliyev avqustun 24-də saxlanılıb. Növbəti gün ona qarşı Cinayət Məcəlləsinin 213.1 (vergi ödəməkdən yayınma), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 192.2.2 (qanunsuz sahibkarlıq) maddələri ilə ittihamlar irəli sürülüb. Məhkəmə onun barəsində noyabrın 7-dək həbs qətimkan tədbiri seçib. M.Əliyev bütün ittihamları rədd edərək onları siyası motivli adlandırıb.

Vergilər Nazirliyi avqustun 8-də “Turan” agentliyinin fəaliyyətinin səyyar vergi yoxlamasına başlayıb. Nazirlik iddia edir ki, 60 min manat vergidən yayındırılıb. M.Əliyev ittihamları qəbul etmir.

Avqustun 17-də artıq agentlikdən son 7 ilin sənədlərinin istənildiyi bildirilib. Üstəlik, agentliyin bütün bank hesabları dondurulub.

Turan İnformasiya Agentliyinin kollektivi bəyan edib ki, sentyabrın 1-dən fəaliyyətlərini qeyri-müəyyən vaxtadək dayandırmaq məcburiyyətindədirlər.

Avqustun 28-də Turan İnformasiya Agentliyinin (İA) əməkdaşları Vergilər Nazirliyinin Vergi Cinayətləri İdarəsinə çağırılıblar.

Beynəlxalq təşkilatlar Əliyevin həbsini pisləyib və onun dərhal azadlığa buraxılmasına çağırıb.

ABŞ Dövlət Departamenti də jurnalistin dərhal azad edilməsinə çağırıb.

Fransa və Böyük Britaniya Xarici İşlər Nazirlikləri M.Əliyevin həbsi ilə bağlı narahatlıqlarını bildirib və Azərbaycan hakimiyyətini insan hüquqları sahəsində öz beynəlxalq öhdəliklərinə əməl etməyə çağırıb.