Ali məhkəmə blogerin kassasiya şikayətinə baxacaq

Mehman Hüseynov

Bu barədə onun vəkili Elçin Sadıqov məlumat verib

Bloger Mehman Hüseynovun iki il həbs edilməsindən Ali Məhkəməyə verilmiş şikayət icraata qəbul edilib.

Bu barədə onun vəkili Elçin Sadıqov məlumat verib.

Kassasiya şikayətinin verilməsindən 3 aydan artıq vaxt keçdiyini xatırladan vəkil deyib ki, ona hakim Əli Seyfəliyevin sədrlik etdiyi məhkəmə heyəti baxacaq.

Məhkəmə iclası sentyabrın 29-na təyin edilib.

M.Hüseynovun böhtana görə həbsinin həm milli qanunvericilik, həm də Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalar baxımından əsassız olduğunu deyən vəkil hesab edir ki, şikayətə ədalətli baxılarsa, bloger azadlığa buraxılmalıdır.

Kassasiya şikayətində Mehman Hüseynov barəsində cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi, onun azadlığa buraxılması istənilir.

Hazırda 14 saylı cəzaçəkmə müəssisəsində saxlanan bloger bir müddət əvvəl Ali Məhkəmədə şikayətinə baxılmasının yubadılmasından şikayət etmişdi.

Mehman Hüseynov 2017-ci il martın 3-də Suraxanı rayon Məhkəməsinin qərarı ilə 2 il azadlıqdan məhrum edilib. Buna qədər isə onun yanvarın 9-da oğurlandığı güman edilirdi.

Yalnız yanvarın 10-da məhkəmə önünə çıxarkən onun Nəsimi Rayon Polis İdarəsinin 22 saylı Polis Bölməsində saxlandığı məlum olmuşdu. Nəsimi rayon Məhkəməsinin qərarı ilə M. Hüseynov polisə tabe olmamaqda təqsirli bilinərək, 200 manat cərimə edilib.

Jurnalistlər önünə çıxan bloqqer polisdə saxlandığı müddətdə işgəncələrə məruz qaldığını söyləyib. Vəkili isə işgəncə şikayətinin araşdırılmasından ötrü Bakı Şəhər Prokurorluğuna müraciət etmişdi. Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayev də M.Hüseynovun işgəncə ilə bağlı dediklərini polisə böhtan sayaraq, xüsusi ittiham qaydasında iddia qaldırıb. Həmin iddia əsasında M.Hüseynov 2 il azadlıqdan məhrum edilib.

Müdafiə tərəfi isə prokurorluğun işgəncə şikayəti ilə bağlı cinayət işi açmamasından məhkəməyə müraciət etmişdi. Səbail rayon və Bakı apellyasiya məhkəmələri də müdafiə tərəfinin istəyini geri çevirmişdi.