Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) "Azadlıq" qəzetinin icraçı direktoru Faiq Əmirliyə qarşı azadlıqdan məhrumetmə qərarını pisləyən bəyanat yayıb.
RATI məhkəmə qərarını siyasi motivli sayaraq, hakimiyyəti F.Əmirlini dərhal azad etməyə, "Azadlıq" qəzetinə qarşı təqiblərə son qoymağa çağırır.
Sənəddə deyilir ki, ittiham tərəfi F.Əmirlinin ABŞ-da yaşayan Türkiyə ilahiyyatçısı Fətullah Gülənin "Hizmət" hərəkatına bağlılığını sübut edə bilməyib, amma bununla belə onu imam kimi təqdim edib.
"Məhkəmənin monitorinqi göstərdi ki, 2016-cı il avqusutun 20-də F.Əmirlini həbs edən hakimiyyət, istintaq, məhkəmə irəli sürülmüş ittihamları sübut edəcək heç bir dəlil ortaya qoymayıb".
RATİ son illər "Azadlıq" qəzetinə təzyiqlərin artdığını xatırladaraq F.Əmirlinin həbsinin əsas səbəbi kimi qəzeti bağlanmağa məcbur etmək olduğunu vurğulayır.
Sənəddə xatırladılır ki, qəzetin çapı dayanmazdan öncə yayım firması qəzetə olan 60 min manat məbləğindəki borcunu ödəməkdən imtina edib. Bununla da qəzetin onsuz da ağır olan maliyyə durumu daha da çətinləşib.
"F.Əmirlinin 2016-cı il avqustun 20-də həbsindən iki həftə sonra "Azadlıq" qəzetinin nəşri dayanıb, qəzetin saytı rəsmi qurumlar tərəfindən bloklanıb".
RATİ "Azadlıq" qəzeti ətrafında cərəyan edən hadisələri Azərbaycanın müasir müstəqil mətbuatının dözülməz dərəcədə çətin bir tarixi dönəminin göstəricisi kimi qiymətləndirir.
Bəyanatda qəzetdə çalışan bir neçə aparıcı jurnalistin həbsdə olması, hətta xaricdə fəaliyyət göstərən jurnalistlərin ailə üzvlərinin təzyiqlərə məruz qaldığı vurğulanır.
RATİ müstəqil media və jurnalistlərə qarşı repressiyaya son qoyulması, həbsdə olan jurnalistlərin azadlığa buraxılmaları üçün ATƏT, Avropa Şurası, BMT, ABŞ və Avropa Birliyini Azərbaycan hakimiyyətinə təzyiq göstərməyə çağırır.
F.Əmirli 2016-cı il avqustun 20-də saxlanılıb, avtomobilində axtarış zamanı Fətullah Gülənin kitbları tapıldığı bildirlib. Ona qarşı dini ayrı-seçkilik salmaq, həbsindən sonra isə vergidən yayınmaq, vəzifə səlahiyyətindən sui-istifadə ittihamları irəli sürülüb. F.Əmirli ittihamları qəbul etmir və “gülünc” adlandırır.
F.Əmirli iyulun 24-də Bakının Səbael Rayon Məhkəməsi tərəfindən dini nifrətin salınması və vergidən yayınma ittihamları ilə 3 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Həbs cəzası ilə yanaşı, məhkəmə Əmirlinin 39050 manat məbləğində cərimə ödəməsi barədə də qərar çıxarıb.
Öz növbəsində, rəsmi Bakı ölkədə fikir və söz azadlığının tam təmin edildiyini, siyasi motivlərlə insanların həbs edilmədiyini bildirir. Hökumət rəsmiləri media azadlığının boğulması və jurnalistlərin həbsi ilə bağlı beynəlxalıq təşkilatların bəyanatlarını qəbul etmir. Dövlət rəhbərləri insanların qanun qarşısında bərabər olduğunu bəyan edir.