İyulun 24-də Səbael Rayon Məhkəməsi hakim Aytən Əliyevanın sədrliyi ilə AXCP sədrinin köməkçisi, “Azadlıq” qəzetinin maliyyə direktoru Faiq Əmirliyə 3 il 3 ay həbs hökmü çıxarıb.
Your browser doesn’t support HTML5
F. Əmirlinin həyat yoldaşı Lalə Əmirli Amerikanın Səsinə bildirib ki, hökmə əsasən F.Əmirli 39 min manat cərimə də ödəməlidir.
Hökmdən əvvəl F.Əmirlinin vəkilləri Aqil Layıcov və Fəxrəddin Mehdiyev müdafiə çıxışı ediblər. Onlar F.Əmirliyə qarşı həm Fətullah Gülənin təbliği, həm də "Azadlıq" qəzeti ilə bağlı 39 min manatlıq vergidən yayınma ittihamının absurd olduğunu bildirib.
F. Əmirli 2016-cı il avqustun 20-də saxlanılıb. O, əvvəlcə Cinayət Məcəlləsinin 168.1-ci (dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (KİV-dən istifadə etməklə milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham olunub.
2017-ci il aprelin 17-də ona yeni ittihamlar irəli sürülüb - Cinayət Məcəlləsinin 213.1-ci maddəsi (vergidən yayınma) və 308-ci maddəsi (vəzifə səlahiyyətindən sui-istifadə).
F.Əmirli ittihamı “gülünc və sifariş” adlandırıb.
Vəkillər məhkəmənin hökmündən apellyasiya şikayəti veriləcəyini bildirib.