Vəkil: Əfqan Muxtarlı ilə bağlı olan video görüntülər montaj edilib

Arçil Çopikaşvili

Gürcüstandan müəmmalı şəkildə Azərbaycana gətirilib həbs edilən jurnalist Əfqan Muxtarlının gürcü vəkili Arçil Çopikaşvili Gürcüstanın Daxili İşlər Nazirliyinə müraciət edib.

Bu haqda onun özü Turan agentliyinə bildirib.

Əfqan Muxtarlının Gürcüstandan oğurlandığını deyən Archil Chopikashvili DİN-dən xahiş edib ki, jurnalistin yoxa çıxdığı günə aid hərəkət trayektoriyasını tam əhatə edən videogörüntülər müdafiə tərəfinə təmin edilsin.

Vəkilin sözlərinə görə, onlar əvvəl də eyni müraciəti göndəriblər. Ancaq təqim edilmiş görüntülər şübhəlidir.

"DİN-in təqdim etdiyi görüntülərdə aşkar görünür ki, görüntülərin üzərində işlənilib. Görüntülərin bir hissəsində hava günəşlidir. Kəsinti baş verir və havanın yağışlı olduğu görünür. Bir anda ətraf mənzərə, avtomobillərin parkalnması vəziyyəti də dəyişir".

Vəkil güman edir ki, görüntülərdən bir neçə dəqiqlik hissə silinərək montaja yol verilib.

Archil Chopikashvili DİN-ə müraciətində görüntülərin tamının onlara təqdim edilməsini istəyib.

Jurnalist Ə.Muxtarlı mayın 29-u oturum izini aldığı Gürcüstandan zorla Azərbaycana gətirildiyini deyir. Onun bildirdiyinə görə, Tbilisidə saxlanarkən ona işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib. Üstəlik, jurnalist bildiririb ki, sərhəddə cibinə 10 min avro qoyulub.

Jurnalist Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət göstərmə və ya zor tətbiq etməkdə ittiham olunur.

Bundan başqa, ona 318.1, 206.1 maddələri ilə - sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb. Bakıdakı rəsmi qurumların bildirməsinə görə, o sərhədi keçərkən Azərbaycan ərazisində saxlanıb. Bu zaman hüquq mühafizə əməkdaşlarına zorakı qaydada müqavimət göstərib. Məhkəmənin qərarı ilə ona ilkin istintaq dövründə 4 aylıq həbs cəzası verilib.

Jurnalistin işini artıq Avropa İnsan Haqları Məhkəməsi də araşdırmağa başlayıb.

Ə.Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. Muxtarlı son illər Tbilisidə Azərbaycan hakimiyyətinin əleyhinə keçirilən aksiyalarda fəal iştirak edirdi. O, bir sıra araşdırma yazılarının da müəllifidir.