Avropa komissarı Əfqan Muxtarlının oğurlanmasından narahatdır

Nils Mujnieks ( Foto by : Parvana Bayramova)

Məhkəmənin qərarı ilə ona ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib

“Mən azərbaycanlı jurnalist və fəal Əfqan Muxtarlının başına gələnlərdən sarsılmışam. O, Tbilisidə oğurlanıb, amansızcasına döyülüb, güclə Azərbaycana verilib. Orada onu qaçaqmalçılıq və sərhəddi qanunsuz keçmək ittihamı ilə həbs ediblər”. Bu barədə Avropa insan hüquqları komissarı Nils Mujnieks bildirib.

“Göz önündə ciddi pozuntular baş verir ki, bu da maksimum diqqət və Gürcüstan hakimiyyətinin təcili reaksiyasını tələb edir. Gürcüstan hakimiyyəti çevik və şəffaf araşdırma aparmalı, nəticə ilə bağlı zəruri tədbirlər görməlidir.

Öz növbəsində Azərbaycan hakimiyyəti Əfqan Muxtarlını təcili azad etməli və onun hüquqlarını tam təmin etməlidir”, - N.Mujnieks vurğulayıb.

Jurnalist Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət göstərmə və ya zor tətbiq etmədə ittiham olunur. Bundan başqa ona 318.1, 206.1 maddələr ilə - sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb.

Məhkəmənin qərarı ilə ona ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib.

Ancaq o, məhkəmədə bildirib ki, Gürcüstandan zorla gətirilib. Ona işgəncə verilib və cibinə 10 min avro pul qoyublar.

Ə.Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. Ə.Muxtarlı son illər Tbilisidə Azərbaycan hakimiyyətinin əleyhinə keçirilən aksiyalarda da fəal iştirak edirdi. O, bir sıra araşdırma yazılarının da müəllifi idi. Ə.Muxtarlı, həmçinin, Qarabağ müharibəsinin keçmiş iştirakçısıdır.