Əfqan Muxtarlı Cinayət Məcəlləsinin 318.1(Dövlət sərhədini qanunsuz olaraq keçmə) və 206.1 (qaçaqmalçılıq) maddələri ilə təqsirləndirilir. Muxtralı şübhəli şəxs qismində saxlanılıb. Bu barədə Dövlət Sərhəd Xidmətinin binasında jurnalistlə görüşündən sonra vəkil Elçin Sadıqov jurnalistlərə bildirib.
“Muxtarlı ifadəsində bildirdi ki, dünən (mayın 29-da) saat 18 radələrində Tbilisi şəhərində yaşadığı evinin yaxınlığında zorla “Opel” markalı avtomobilə mindirilib. Mindirildikdən sonra əlləri arxadan bağlanılıb, onu döyüblər. Hazırda burnunda çapıq, sağ gözündə, alnının ortasında və sol gicgah nahiyəsində qançır izləri var. Düşünür ki, sol tərəfdən qabırğasını qırıblar. Tbilisidən çıxandan sonra başına torba keçiriblər. Bildirib ki, ürəyi ağrıyır, nəfəs ala bilmir. Maykasını başına dolayıb skoçlayıblar (yapışqanlı kağız-red). Onu avtomobillə iki saatdan çox vaxtda çöllüyə gətiriblər və sonra avtomobili dəyişiblər. Axrıncı avtomobili idarə edənlər Azərbaycan dilində danışıblar. Onu avtomobildən düşürüblər və o, gözünü açanda özünü Azərbaycanın sərhəd zastavasında görüb.
Cibinə 10 000 avro pul qoyulub. Əfqan Muxtarlı bildirib ki, o, pulu heç zaman görməyib. Bununla bağlı ekspertiza keçirilməsi ilə bağlı vəsatət qaldırdım. Tibbi ekspertiza və sərhəd zastavasının ətrafını çəkən video kameraların lent yazısını tələb etdim. Hazırda şübhəli şəxs qismində tutulub və həbs qətimkan tədbirinə sabah baxılacaq”, vəkil qeyd edib.
O, jurnalistlərin suallarının cavabında deyib ki, Əfqan Muxtarlı onu saxlayan şəxslərin daha çox dövlət orqanlarının işçilərinə bənzəydiyini bildirib.
“Əfqan dedi ki, həmin şəxslər özlərini təqdim etmədilər. Gürcüstanın təhlükəsizlik orqanının işçilərinə bənzəyirdilər”.
Vəkil hesab edir ki, jurnalistin saxlanılması qanunsuzdur və hər iki dövlətin (Gürcüstan və Azərbaycan) sərhədinin pozulmasıdır.
Vəkilin sözlərinə görə, Muxtarlı su ilə təmin edilib.
“Dostları yemək göndərmişdi, onu verdim. Dərmanları veriləcək. Hazırda 37-ci polis bölməsinin müvəqqəti saxlama yerinə aparırlar. Sabah Səbael rayon Məhkəməsi bu işə baxacaq”, Sadıqov qeyd edib.
Jurnalist həbsinin səbəbini yazıları və Facebookdakı tənqidi statusları izah edib.