Faiq Əmirlinin məhkəməsi başlayır

Faiq Əmirli

Azərbaycan Xalq Cəbhəsi Partiyası Faiq Əmirlinin həbsini siyasi sifariş sayır

“Azadlıq” qəzetinin maliyyə direktoru Faiq Əmirlinin işi üzrə istintaq başa çatıb və cinayət işi baxılması üçün Səbayel Rayon Məhkəməsinə göndərilib.

Faiq Əmirlinin vəkili Aqil Layıcovun verdiyi məlumta görə bu cinayət işi üzrə hazırlıq iclası hakim Aytən Əliyevanın sədrliyi ilə mayın 19-na təyin olunub.

Faiq Əmirli ötən il avqustun 20-də saxlanıb.

O, həbs ediləndən əvvəlcə Cinayət Məcəlləsinin 168.1-ci (dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham olunurdu. Daha sonra ona yeni ağır ittihamlar irəli sürülmüşdü. Bu dəfə ittihamlar Cinayət Məcəlləsinin 213.1-ci maddəsi (vergidən yayınma) və 308-ci maddədən (vəzifə səlahiyyətindən sui-istifadə) gedirdi.

Onun vəkilləri son açıqlamalarında isə bildirmişdilər ki, Faiq Əmirliyə qarşı irəli sürülmüş bəzi ittihamlar götürülüb. F.Əmirli yekun olaraq CM-nin 213.1 (xeyli miqdarda vergidən yayınma) və 283.2.2 (qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət, düşmənçiliyin salınması) maddələri ilə ittiham edilir. Bu ittihamlarla ona 5 ilə kimi həbs cəzası verilə bilər.

Azərbaycan Xalq Cəbhəsi Partiyası F. Əmirlinin həbsini siyasi sifariş sayır. F. Əmirlinin həbsindən sonra “Azadlıq” qəzetinin çapı dayanıb. Üstəlik, qəzetin bir sıra əməkdaşları prokurorluğa çağırılıb, ifadələri alınıb.