Jurnalist Seymur Həzi Mətbuat Azadlığı mükafatına namizəddir

Seymur Həzi

«Amnesty International» təşkilatı S.Həzini vicdan məhbusu kimi tanıyıb

“Sərhədsiz Reportyorlar” beynəlxalq hüquq müdafiə təşkilatı 2016-cı ildə Mətbuat Azadlığı mükafatına namizədlərin adlarını açıqlayıb. Mükafata 22 namizəd var.

Bu barədə təşkilatın saytı məlumat verib.

Mətbuat Azadlığı mükafatı 3 nominasiya üzrə 1 jurnalistə, KİV-ə və vətəndaş jurnalistikası nümayəndəsinə veriləcək.

Bu ilki 22 namizəd 19 ölkəni təmsil edir. Həmin namizədlərdən çoxu həbsdədir, bəziləri isə təqib olunurlar.

Həbsdə olan namizədlər “Azadlıq” qəzetinin şərhçisi Seymur Həzi, misirli jurnalistİsmayıl Alexandrani, çinli Chinois Lu Yuyu və Li Tingyudur.

Təşkilatın məlumatında Seymur Həzinin Azərbaycandakı yeganə müxalifət qəzeti olan “Azadlıq ”ın əməkdaşı və “Azərbaycan Saatı” proqramının aparıcısı olduğu, 2014-cü ilin avqustunda saxta ittihamla həbs edildiyi bildirilir.

“Seymur Həzinin həbsdə olması bir neçə siyasi məhbusu azadlığa buraxsa da, İlham Əliyevin azadlıqları sıxmağa davam etməsinin örnəyidir”, təşkilatın məlumatında vurğulanır. Məlumatda Azərbaycanda ifadə azadlığına qarşı həbslərin davam etdiyi də ifadə olunub.

Mükafatın qaliblərinin adları noyabrın 8-də Fransanın Strasburq şəhərində açıqlanacaq.

Mətbuat Azadlığı mükafatı 1992-ci ildən təqdim edilir.

2012-ci ildə bu mükafatı azərbaycanlı jurnalist alıb Məlahət Nəsibova alıb.

S.Həzi 2014-cü il avqustun 30-da həbs edilib. O, Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə ittiham olunaraq 5 il həbs cəzası alıb. Jurnalist bu ittihamı rədd edərək, «Azadlıq» qəzetində hakimiyyəti tənqid edən məqalələr yazdığına və «Azərbaycan saatı» proqramında aparıcı olduğuna görə, həbs olunduğunu bildirib.

«Amnesty International» təşkilatı S.Həzini vicdan məhbusu kimi tanıyıb.