Apellyasiya məhkəməsi Xədicə İsmayılın ölkədən çıxışı ilə bağlı verdiyi şikayətə baxacaq

Məhkəmə şikayətə avqustun 1-də baxacaq

Araşdırmaçı jurnalist Xədicə İsmayılın Azərbaycandan çıxışına qadağa qoyulmasından verdiyi apellyasiya şikayəti üzrə məhkəmənin vaxtı açıqlanıb.

Bakı Apellyasiya Məhkəməsində keçiriləcək iclas avqustun 1-də hakim Vaqif Mursaqulovun sədrliyi ilə baxılacaq.

X.İsmayıl sınaq müddəti dövründə Azərbaycan hüdudlarından çıxışına qoyulan qadağanın götürülməsinə dair Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdi. Məhkəmə jurnalistin şikayətini təmin etməyib. O, həmin qərardan apellyasiya şikayəti verib.

Buna görə iyulun əvvəllərində Tbilisidə Kütləvi İnformasiya Vasitələrinin XIII Cənubu Qafqaz konfransına da «Skype» vasitəsilə qatılmışdı.

X.İsmayıl 2014-cü il dekabrın 5-də həbs olunmuşdu. Jurnalist vergidən yayınma, qanunsuz sahibkarlıq kimi ittihamlarla 7 il 6 ay həbs cəzası almışdı.

Jurnalist ittihamları qəbul etmir və korrupsiya araşdırmalarına görə həbs olunduğunu bildirirdi.

X.İsmayıl mayın 25-də Ali Məhkəmənin qərarı ilə 3 il 6 ay şərti azadlıqdan məhrumetmə cəzası ilə sərbəst buraxılıb. Ancaq onun ölkədən çıxışına icazə verilmir.