MeydanTV-yə qarşı cinayət işinin istintaqı davam edir

Saytla əməkdaşlıq edən 15-dən çox şəxs istintaqa cəlb edilib

"Meydan.tv" internet media kanalının vəzifəli şəxsləri barəsində Cinayət Məcəlləsinin 192.2.2. (Qanunsuz sahibkarlıq - külli miqdarda gəlir əldə etməklə törədildikdə), 213.2.2. (Vergi ödəməkdən yayınma - külli miqdarda törədildikdə) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə - ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədi ilə törədildikdə) maddələri ilə Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər Üzrə İstintaq İdarəsində 152006048 saylı cinayət işinin istintaqı davam edir”. Bu barədə vəkil Elçin Sadıqov Amerikanın Səsinə bildirib.

Vəkilin sözlərinə görə, indiyədək Meydan.tv saytı ilə əməkdaşlıq edən, bu saytda yazısı dərc edilən 15-dən çox şəxs istintaqa cəlb edilib.

“Həmin şəxslər istintaqda dindirilib, onların xaricə çıxışına qadağa qoyulub və barələrində vergi yoxlamaları aparılıb”, Sadıqov qeyd edib.

Vəkilin fikrincə, jurnalist vəzifəli şəxs sayıla bilməz və o vəzifə cinayətlərinin subyekti ola bilməz.

“Vəzifəli şəxs sərəncamverici şəxslərdir. Jurnalist isə vəzifə baxımından sərəncamverici şəxs deyil”, o qeyd edib.

“Meydan.tv saytı ilə əməkdaşlıq edən jurnalistlər 2015-ci il avqustun 20-də Mingəçevir polis şöbəsində şəhər sakini Bəhruz Hacıyevin ölümünü ictimailəşdirildikdən sonra istintaqda dindirilməyə başlayıb.

Meydan.tv saytı 2013-cü ildə fəaliyyətə başlayıb. Xaricdən idarə edilən sayt 2014-cü ildə Bakı ofisini bağlayıb. Saytın rəhbəri keçmiş “vicdan məhbusu” Emin Millidir.

Emin Milli cinayət işini qəbul etmir və “saytın əməkdaşlarının yeganə cinayətinin söz azadlığı hüququndan istifadə etməsi” olduğunu bildirir.

“Meydan TV-nin direktoru olaraq bəyan edirəm ki, biz indiyədək heç bir qanunsuz fəaliyyətlə məşğul olmamışıq. Gördüyümüz bütün işlərin nəticəsi və maliyyə hesabatları vaxtaşırı fəaliyyət göstərdiyimiz ölkənin əlaqədar qurumlarına təqdim olunur. Meydan TV-nin vəzifəli şəxslərinin Azərbaycanda heç bir biznes fəaliyyəti yoxdur. Bütün jurnalistlərlə əməkdaşlığımız yalnız ictimai əsaslardadır. Bu səbəbdən də qanunsuz sahibkarlıq, külli miqdarda vergidən yayınma kimi maddələri absurd hesab edirik.

Meydan TV-nin yeganə məqsədi müstəqil və peşəkar media orqanı olmaq, beynəlxalq konvensiyalar və qaydalar çərçivəsində fəaliyyət göstərməkdir. Bu günə qədər də qarşımıza qoyduğumuz məqsəddən kənar heç bir iş görülməyib. Bizim yeganə “cinayətimiz” söz azadlığı hüququmuzdan istifadə etməyimizdir”, E.Milli Meydan.tv saytında yazıb.

O hesab edir ki, açılan cinayət işi sırf saytla əməkdaşlıq edən jurnalistlərin gözünü qorxutmaq, onları Meydan TV-yə informasiya ötürməkdən çəkindirmək məqsədi daşıyır. Halbuki Azərbaycanda Meydan TV adından danışmaq səlahiyyətində olan şəxs yoxdur və heç bir jurnalist bizim fəaliyyətimizə görə cavabdehlik daşımır.

“Bir daha bəyan edirik ki, Azərbaycan hökuməti bu cür absurd cinayət işi ilə söz azadlığına, jurnalist fəaliyyətinə əngəl törədir və demokratiya mühitini boğur. Meydan TV rəhbərliyi irəli sürülən ittihamları rədd edir və bundan sonra da fəaliyyətini dayandırmayacaq”, o qeyd edib.

Prokurorluq orqanları hələ bu məlumatla bağlı mövqe bildirməyib.