Avropa Məhkəməsinin sənədləri cəzaçəkmə müəssisəsinə buraxılmayıb

Xədicə İsmayıl

Azərbaycan Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 4 saylı qadın cəzaçəkmə müəssisəsi vəkilin jurnalist Xədicə İsmayılova ilə Avropa Məhkəməsindəki şikayətlərin kommunikasiyası barədə sənədlərin müzakirəsinə imkan yaratmayıb.

Vəkil Fariz Namazlı Amerikanın Səsinə deyib ki, cəzaçəkmə müəssisəsinin rəhbərliyi sənədləri yalnız Azərbaycan dilinə tərcümə etdirərək notarial qaydada təsdiq etdirildiyi halda müəssisəyə buraxacağını bildirib.

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) araşdırmaçı jurnalist Xədicə İsmayılovanın iki şikayəti üzrə kommunikasiyaya başlayıb. Şikayətlər AİHM-ə 26 sentyabr 2013-cü il və 31 iyul 2014-cü ildə göndərilib. Söhbət əsasən X.İsmayılovanın hüquqlarının Avropa İnsan Hüquqları Konvensiyanın 8-ci (şəxsi həyata hörmət hüququ), 10-cu (fikri ifadə etmək azadlığı), 6-cı (ədalətli məhkəmə araşdırılması hüququ) və 8-ci maddələri birgə götürülməklə 13-cü maddəsinin (səmərəli hüquqi müdafiə vasitələri hüququ) pozulmasından gedir.

“Bizdə ingilis dili bilən kadr yoxdur, ona görə siz tərcümə etməlisiniz, hətta həmin tərcüməni notarial təsdiq etdirməlisiniz ki, tərcümənin düzgünlüyü şübhə doğurmasın. Dedim ki, sənədləri tərcümə etdirməyə ehtiyac yoxdur, Xədicə İsmayılova ingiliscə bilir, biz bunu ingiliscə müzakirə edib, cavab yazmalıyıq. Onun tərcüməsi əlavə vaxt və xərcdir. Deyir bizlik deyil, gedin tərcümə etdirin, sonra müəssisəyə buraxarıq”, deyə vəkil müəssisə rəhəbrliyinə istinadən bildirib.

Fariz Namazlı bununla razılaşmır, müştəri və vəkil arasında konfidensiallığı pozaraq, maneçilik törədildiyini bildirib.

Artıq 2-ci dəfə belə vəziyyətlə qarşılaşdığını deyən vəkil Namazlı cəzaçəkmə müəssisəsinin rəhbərliyinin hərəkətini Avropa İnsan Haqları Konvensiyasının 34-cü (fərdi şikayətlər) maddəsinin pozulması kimi qiymətləndirib və hökümətdən tərcümə xərcləri tələb ediləcəyini vurğulayıb.

Qeyd edək ki, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən hələlik bu barədə şərh almaq mümkün olmayıb.

F.Namazlı bununla belə jurnalist Xədicə İsmayılova ilə yanvarın 22-də müəssisədə görüşdüyünü və onu insan haqları üzrə vəkili Amal Kluninin Avropa İnsan Haqları Məhkəməsində müdafiə etməsinə razı olduğunu qeyd edib.

“Xədicə xanım Clooney-nin təklifini, ilk öncə, onun 2014-cü ildə Misirdə həbs edilmiş “əl-Cəzirə” jurnalisti Mohamed Fahmy-ni müdafiə edərkən göstərdiyi cəsarətə görə qəbul edib və buna görə Xədicə İsmayılova Amalın onun işinə də qoşumasını arzu edir", vəkil qeyd edib.

Azərbaycanın hökumətyönlü mediasında Amal Kluninin guya erməni əsilli olması barədə yayılan məlumatlara da İsmayılova münasibət bildirib.

"Xədicə onun etnik mənsubiyyəti barədə düşünmür. Xədicə düşünür ki, normal insanlar kiminsə etnik məsuliyyəti barədə suallar vermir. "Haralısan" sualı vermir. Azərbaycanda heç kimə belə sual verməyən Xədicə Amal haqqında da belə suallara ehtiyac görmür", vəkil jurnalistə istinadən deyib.

Namazlının sözlərinə görə, Xədicə Amal Kluninin "Doğu Perincək işi"ndə Ermənistanın vəkili olması məsələsinin qabardılmasına da münasibət bildirib.

"Xədicə deyir ki, Amal həmin işi uduzsa da, mənim işimi udacaq. Xədicə onu da bildirir ki, qismət olsa, gələcəkdə Amalla görüşəndə ona "erməni soyqırımı" adlandırılan məsələ ilə bağlı daha dolğun məlumatlar verəcək", vəkil qeyd edib.

Xədicə İsmayılova cinayət ittihamları ilə 7 il yarım müddətinə azadlıqdan məhrum edilib.

O ittihamları rədd edir, həbsini prezident İlham Əliyevin ailə biznesini araşdırması ilə əlaqələndirir.

Öz növbəsində, rəsmi Bakı ölkədə siyasi motivli həbsləri rədd edir, özəlliklə, heç bir jurnalistin peşə fəaliyyətinə görə təzyiqlərə məruz qalmadığını bildirir.