Rasim Əliyevin atası: Hansı barışıqdan söhbət gedə bilər? [Video]

Your browser doesn’t support HTML5

Məmmədəli Əliyevin Amerikanın Səsinə müsahibəsi

Jurnalist Rasim Əliyevin atası Məmmədəli Əliyev oğlunun ölümü ilə bağlı aparılan istintaqla əlaqədar iki gün əvvəl Bakı Şəhər Prokurorluğunda olduğunu deyir.

Amerikanın Səsinə müsahibəsində jurnalistin atası bildirib ki, istintaqın gedişatı ilə bağlı dəqiq məlumat ala bilməyiblər.

Yalnız bir müddət əvvəl jurnalistin ölümündə təqsirli bilənən şəxslərin həbs olunduğunu, Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi açılması barədə məlumat veriblər.

"Mənim əsas xahişim, tələbim cinayət işində iştirakı olan və bu işi təşkil edən, eyni zamanda da Rasimin xəstəxanadakı qəbul vaxtından rəhmətə gedən vaxtadək olan bütün əməliyyatlarla maraqlanmaqdır. Tələbim bundan ibarətdir,” M. Əliyev deyir. Onunla müsahibəni təqdim edirik.

Amerikanın Səsi: Rasimi müayinə və müalicə edən həkimlərlə bağlı istintaqın mövqeyi necədir? Necə qiymətləndirirsiniz?

Məmmədəli Əliyev: Mənə prokurorluğda verilən məlumat belə oldu ki, onlar cinayət məsuliyyətinə cəlb olunmayıb. İzahat alınıb, sərbəst buraxılıb.

Əlavə belə bir məlumat oldu ki, Raspublika Baş Prokuroru cənab Qaralov Səhiyyə Nazirliyinə məktub və ya sorğu göndərib. Onun cavabını gözləyirlər. Onun cavabından sonra prokurorluqda komissiya yaranacaq, o komissiya xəstəxanadakı həkimlərin həmin müddətdə olan fəaliyyətini araşdıracaq .

Amerikanın Səsi: Ailənizlə barışıqlar üçün təkliflər olunub?

M.Əliyev: Barışıqlar və təkliflər olunmayıb. Sadəcə bunu bəlkə də barışıq kimi hesab etmək olar. Bir iki dəfə zənglər olub, amma mənim özümə yox. Yəni mən Bakıda doğulmuşam, mənim həyat yoldaşım da . Bizim ailənin şəxsən Cəbrayıl rayonu ilə heç bir əlaqəsi olmayıb. Yəni mən orada heç kimi tanımıram. Ancaq öz kəndimizdə olan qohum-əqrabamdan başqa, mənim kəndlə əlaqələrim olmayıb. Amma müəyyən vaxtlarda zənglər olub. Amma mən o barışığa getməmişəm. Mənim onlarla barışmağa heç bir lüzumum yoxdur.

Mənim övladımı bu günə salan adamla hansı barışıqdan söhbət gedə bilər? Bunu şəxsən başa düşmürəm.

Amerikanın Səsi: Rasimin vəfatına medianın, ictimaiyyətin, ölkə rəhbərliyinin, beynəlxalq ictimaiyyətin münasibətinə fikriniz necədir, necə qiymətləndirirsiniz?

M.Əliyev: Mən müstəqil media işçilərinə öz təşəkkürümü bildirirəm ki, Rasimin ölümü barəsində çoxlu tələbləri olub. Bunu haradasa ictimailəşdiriblər.

Prezident haqqında mən nə deyim, çox sağ olsun, prezident cənab İlham Əliyevin bu işi şəxsi nəzarətə götürülməsini çox yüksək qiymətləndirirəm. Onun bu məsələni şəxsi nəzarətə götürməsi sahəsində elə bu cinayətkarlar qısa bir müddətdə tutuldular.

Amerikanın Səsi: Bir qrup jurnalist də, futbolçunun zaminə buraxıması ilə bağlı ölkə başçısına müraciət edib. Buna münasibətiniz necədir?

M.Əliyev: Mən onların müraciətlərini çox mənfi qiymətləndirirəm. Belə fikirləşirəm ki, damarından Azərbaycan qanı axan heç bir insan bir cinayətkara görə prezidentə müraciət edə bilməz. Əgər müraciət edirsə, mən bunu heç cür qəbul edə bilmirəm.

Amerikanın Səsi: Bir ata kimi, Azərbaycan ictimaiyyətinə, hökumətinə , istintaq orqanlarının rəhbərlərinə, beynəlxalq ictimaiyyətin nümayəndələrinə, jurnalistlərə bir sözünüz ,müraciətiniz varmi?

M.Əliyev: Müraciətim var bir ata kimi, ilk növbədə dövlət rəhbəri İlham Əliyev cənablarına.

Mən bir daha İlham Əliyev cənablarından xahiş edirəm ki, bu məsələni nəzarətdə saxlasın, bu cinayətkar dəstənin layiqli cəzasının alınması üçün əlindən gələni eləsin.

Bu cinayət işi ilə bilavasitə məşğul olan prokurorluq orqanlarından xahişim odur ki, bu işlə bağlı dəqiq, düzgün ölçü götürsünlər. Cinayətkarlar layiqli cəzalarına çatsınlar.

«Qəbələ» futbol klubunun keçmiş kapitanı Cavid Hüseynov jurnalist Rasim Əliyevin döyülərək ölməsinə görə həbs olunub. O, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılır.

Jurnalist Rasim Əliyev avqustun 8-də saat 18 radələrində Bayıl qəsəbəsində döyülmüşdü. O, çoxsaylı bədən xəsarəti ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilmişdi. Jurnalist aldığı xəsarətlərdən avqustun 9-u səhər saat 5 radələrində xəstəxanada vəfat edib.

Faktla bağlı Bakı şəhər Prokurorluğunun İstintaq idarəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb. 6 nəfər həbs olunub.