Avqustun 27-də bir qrup jurnalist Bakı şəhər Prokurorluğunun binası qarşısında jurnalist Rasim Əliyevin ölümündə günahı olan həkimlərin cinayət məsuliyyətinə cəlb edilməsi tələbi ilə aksiya keçirib.
Aksiya iştirakçılarını Bakı şəhər prokuroru Əziz Seyidov qəbul edib. Jurnalistlər Əliyevin döyülərək öldürülməsi barədə qaldırılan cinayət işinin istintaqı ilə bağlı Seyidova çoxsaylı suallar ünvanlayıb. Aklsiya iştirakçıları həmçinin Rasim Əliyevin ölümündə günahkar olan həkimləri də cinayət məsuliyyətinə cəlb edilməsinin vacibliyini prokurorun diqqətinə çatdırıb.
Prokuror Seyidov aksiya iştirakçılarından istəkləri ilə bağlı müraciət hazırlanmalarını xahiş edib və sənəddə qaldırlan məsələlərə, o cümlədən həkimlərin məsuliyyətə cəlb edilməsi məsələsinə baxılacağını bildirib.
Rasim Əliyev avqustun 8-də "Qəbələ" futbol komandasının oyunçusu Cavid Hüseynovun qohumları tərəfindən döyülüb. Ağır bədən xəsarəti alan jurnalist 1 saylı Şəhər (Semaşko) Kliniki Xəstəxanasına yerləşdirilib. Avqustun 9-a gecə Rasim Əliyevin səhhəti kəskin pisləşmişib və əməliyyat olunandan sonra vəfat edib.
Jurnalistin ölümü ilə bağlı Cinayət Məcəlləsinin 126.3 (qəsdən insan ölümünə səbəb olan ağır xəsarətlərin yetirilməsi) maddəsi ilə cinayət işi qaldırılıb. Bu ittiham üzrə 6 nəfər həbs edilib.
Cavid Hüseynov isə cinayəti qabaqcadan bilib xəbər verməmə ittihamı ilə həbs edilib.