Emin Hüseynov Azərbaycanı tərk edərək İsveçrəyə gedib

Emin Hüseynov

O, ölkəni İsveçrə xarici işlər nazirinin təyyarəsində tərk edib

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) 10 aydır İsveçrənin Bakıdakı səfirliyində gizlənən rəhbəri Emin Hüseynov artıq İsveçrədədir.

O, bu gün səhər birinci Avropa Oyunlarının açılış mərasimində iştirak edən İsveçrənin xarici işlər naziri Didye Burkhalter-in təyyarəsi ilə ölkədən çıxıb.

Bu barədə İsveçrənin www.news.ch saytı məlumat verib.

İsveçrə Konfederasiyasının prezidenti Didye Burkhalter və Azərbaycan prezidenti İlham Əliyev

İsveçrənin Xarici İşlər Nazirliyinin Jan-Mark Crevoiser bildirib ki, E.Hüseynovun ölkədən çıxarılması iki ölkə arasında uzun danışıqlar nəticəsində baş tutub.

O, 35 yaşlı jurnalist və ictimai fəalın hazırda Berndə olduğunu, mediaya danışmaq istəmədiyini bildirib. Crevoisier-in dediyinə görə, E.Hüseynova sentyabradək viza verilib. Bundan sonra o, sığınacaq istəyib-istəməmək məsələsini özü həll edəcək.

E.Hüseynov 2014-cü ilin avqustundan İsveçrə səfirliyində idi. Hakimiyyət ona qarşı cinayət işi qaldırıb və həbs etmək istəyirdi. Digər hüquq müdafiəçisi kimi ona qarşı qanunsuz fəaliyyət, vergidən yayınma və s. ittihamlar irəli sürülüb.