Azərbaycan Respublikasının vətəndaşı Emin Hüseynov barəsində Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq), 213.2.2 (vergi ödəməkdən yayınma) və 308.2-ci maddələrində nəzərdə tutulan ittiham elan olunmaqla, 19 avqust 2014-cü il tarixdə məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilərək axtarış elan edilib.
B barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevmətbuata açıqlamasında bildirib.
Azərbaycan XİN rəsmisi qeyd edib ki, məhkəmə qərarı əsasında aparılmış araşdırmalar nəticəsində E.Hüseynovun “Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu” ictimai birliyinin sədri kimi qeydiyyata alınmayan qrant müqavilələri üzrə qanunsuz sahibkarlıq fəaliyyətini həyata keçirərək 1.575.956 manat məbləğində külli miqdarda gəlir əldə etdiyi və dövlət büdcəsinə ödənilməli olan 247.551 manat məbləğində xeyli miqdarda vergiləri ödəməkdən yayındığı müəyyən edilib: “7 iyul 2014-cü il tarixindən etibarən Emin Hüseynov dəfələrlə ünvanına çağırış vərəqələri göndərilməklə istintaqa dəvət edilsə də, qaçaraq İsveçrə Konfederasiyasının Azərbaycan Respublikasındakı səfirliyində gizlənib”.
H.Hacıyev deyib ki, Azərbaycan Respublikasının Konstitusiyasına əsasən, hər bir vətəndaşın təqsirsizlik prezumpsiyası hüququ var.
Hazırda Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
İsveçrə Konfederasiyasının Xarici İşlər Nazirliyindən də APA-ya Emin Hüseynovun onların Azərbaycandakı səfirliyində olduğu bildirilib: “Hazırda bir Azərbaycan vətəndaşı İsveçrənin Azərbaycandakı səfirliyindədir. O, 2014-cü ilin avqustun 18-də səfirliyə müraciət edib və İsveçrə ona humanitar əsaslarla sığınacaq verib. Həmin vaxtdan etibarən, həmin şəxsin maraqları ilə bağlı Azərbaycan hökuməti ilə danışıqlar aparırıq”, - deyə cavab olaraq bildiriblər.